Bakı. Trend:
Bu gün Salyan rayonunun Pambıqkənd kəndinə təbii qazın verilişi bərpa edilib. Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, 238 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 14441 metr uzunluğunda polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qeyd olunub ki, hazırda rayonun daha 2 kəndində - Marışlı və Kürsəngi kəndlərində qazlaşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə də təbii qazın verilişi təmin ediləcək.