...

Aranda 36 mindən çox yeni iş yeri yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2015 15:23 (UTC +04:00)
40 müasir istixana kompleksinin yaradılmasına 93 milyon manatdan çox dövlətin güzəştli kreditləri verilib
Aranda 36 mindən çox yeni iş yeri yaradılıb

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri"nə dair növbəti işgüzar forumu sentyabrın 3-də Sabirabad rayonunda keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 100-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, reallaşdırılması məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib. Forumda Sabirabad və ətraf rayonlarda ixtisaslaşdırılmış "yaşıl market"in, iri fermer təsərrüfatının, çörək, pendir istehsalı, meyvəqurutma, ketçup, mayonez və xardal sousu istehsalı müəssisələrinin, cins heyvandarlıq, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar təqdim olunub.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində respublika üzrə 3870-dək sahibkara 138.4 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 8400-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Qeyd edilib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 11200-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 442 milyon manat güzəştli kredit verilib, iqtisadi rayon üzrə verilmiş güzəştli kreditlər hesabına 36 mindən çox yeni iş yeri yaradılıb. İndiyədək verilmiş kreditlərin 11.6 milyon manatı Sabirabad rayonunun payına düşür.

İşgüzar forumda Sabirabad və ətraf rayonlardan olan 89 sahibkara 870 min manatadək güzəştli kredit verilib.

Forum çərçivəsində güzəştli kredit ayrılmış Sabirabad rayonunun Kürkəndi kəndində istifadəyə verilmiş 6.3 ha ərazidə illik istehsal gücü 2.7 min ton tərəvəz olan müasir istixana kompleksinə baxış keçirilib.

Qeyd edək ki, son illər İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 141.6 ha ərazidə illik istehsal gücü 47.5 min ton tərəvəz məhsulları, 10.4 milyon ədəd dekorotiv bitkilər, 10.6 milyon ədəd tərəvəz şitilləri olan 40 müasir istixana kompleksinin yaradılmasına 93.4 milyon manat güzəştli kredit verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti