...

"Azərbaycan Dəmir Yolları"nda pozuntuların qarşısını almaq üçün nəzarət gücləndirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2016 16:17 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC daha əvvəl müşahidə edilmiş pozuntuların qarşısını almaq üçün nəzarəti gücləndirib.
"Azərbaycan Dəmir Yolları"nda pozuntuların qarşısını almaq üçün nəzarət gücləndirilib

Bakı. Maksim Tsurkov – Trend:

"Azərbaycan Dəmir Yolları" QSC daha əvvəl müşahidə edilmiş pozuntuların qarşısını almaq üçün nəzarəti gücləndirib.

Trend-in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov dəmiryolçuların peşə bayramına həsr olunmuş tədbirdə deyib.

C.Qurbanov çıxışında daha əvvəl də dəmir yolu sahəsində işlədiyini, bundan sonra avtomobil yolları ilə məşğul olan Nəqliyyat Nazirliyinin strukturuna təyinat aldığını deyib: "İş elə gətirdi ki, yenidən "Azərbaycan Dəmir Yolları" QSC-yə qayıtmalı oldum. Bura qayıtdıqdan sonra ciddi problemlərin şahidi oldum. Həmin vaxt lokomotiv parkı yox dərəcəsində idi. 10-12 il ərzində istismar olunmuş elektrovoz və teplovozlar alınaraq Azərbaycana gətirilmişdi. Rusiyada 20-30 il istismar olunmuş, sonradan təmir olunmuş lokomotivlər alınırdı. Araşdırma aparmağa başladıq. Gördük ki, 2023-cü ilədək belə davam etsə, parkımızda 123 vaqon qalacaq, qalanları sıradan çıxacaq".

QSC sədri vurğulayıb ki, yol infrastrukturunda rabitə sistemi yox dərəcəsində idi: “Vəziyyət o həddə idi ki, maşinistlər bir-biri ilə mobil telefonla əlaqə saxlayırdılar. İşlərin əksəriyyətində geriləmə var idi. Yol təsərrüfatındakı ağac tirlərinin 70 faizi yararsız vəziyyətində idi. Təhlükəsizlik sıfır dərəcəsində idi, depo və binalarımız yox vəziyyətində idi. Hara ayaq qoyurduqsa, orada bir problem var idi. Lakin həmkarlarımı topladım və işləməyə başladım. Bu işimdə dəmiryolçuların təcrübəsinə arxalandım".

O, ASC-nin fəaliyyətində tam şəffaflığın yaradılmasına nail olmaq istədiyini qeyd edib: "Artıq mal-materialın alınmasında olan nöqsanların, pozuntuların kökünü kəsmişik. Məsələn, yolayrıcını 29 min manata alıb, 56 min manata rəsmiləşdirirdilər. Bunun kökünü kəsmək üçün nəzarəti sərtləşdirdik. Tender proseduru keçirilmədən kənardan heç bir mal-material gətirilə bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti