...

İsrail metanol yanacağından istifadə etməyə başlayır

Energetika Materials 22 Yanvar 2013 12:53 (UTC +04:00)
Avtomobillər üçün alternativ yanacaq qatqıları haqda müzakirələr artıq neçə ildir ki, aparılır.
İsrail metanol yanacağından istifadə etməyə başlayır

Avtomobillər üçün alternativ yanacaq qatqıları haqda müzakirələr artıq neçə ildir ki, aparılır. ABŞ-da bir çox yanacaqdoldurma məntəqəsi satdıqları yanacaq qatqılarına etanoldan başlamış, insan və heyvanların "yemindən" alınan yanacağa kimi əlavə edirlər. Bu gün təbii qazdan alınan və benzinə qatılan metanol bio-yanacağı İsrailin Hayfa şəhərində "Dor Chemicals" və "Ten Petroleum" şirkətlərinə məxsus yanacaqdoldurma məntəqələrinin birində həyata keçirilən sınaq layihəsinin predmetini təşkil edir.

Yanacaq qatqısının 15% tərkibi mayeləşdirilmiş təbii qazdan alınan və ən sadə formullu spirt olan metanoldan ibarətdir. "Dor Chemicals" şirkətinin mühəndis-kimyaçılarının fikrincə, metanol adi benzinlə müqayisədə daha təmiz yanır və onun istehsalı daha ucuz başa gəlir.

"Ten Petroleum" şirkəti ilə əməkdaşlıq haqqında razılaşmaya əsasən, müxtəlif növlü 10 ədəd adi avtomobil bu yanacaq qatqısı ilə işləyəcək. Məqsəd bu avtomobillərin mühərriklərinin benzinlə müqayisədə metanollu yanacaq qatqısı ilə necə işləyəcəyini müəyyən etməkdir. Bu layihə çərçivəsində avtomobillərin mühərriklərində heç bir dəyişiklik edilməyib. Daha 3 avtomobil nəzarət nəqliyyat vasitələri kimi istifadə ediləcək və adi benzinlə işləyəcəkdir.

"Ten Petroleum" şirkətinin Baş direktoru Dani Ben-Ner deyir: "Layihənin ikinci mərhələsində biz metanolu bütün yanacaqdoldurma məntəqələrində tətbiq edəcəyik. Bunu əvvəlcə nisbətən aşağı, 15 faizli metanol qatqısı ilə tətbiq etməyə başlayacayıq, lakin hesab edirəm ki, gələcəkdə metanol daha yüksək miqdarda da istifadə olunacaq."

Cənab Ben-Ner hesab edir ki, benzinə 15 faiz metanolun əlavə edilməsi İsrailə neft və neft məhsullarının idxalına xərclənən 3,95 milyard ABŞ dollarını, eləcə də benzinə xərclənən 1,85 milyard ABŞ dollarını qənaət etməyə imkan verəcəkdir.

Qiymətləndirmələrə görə, bununla adi yanacaqla müqayisədə istehlakçıların vəsaitlərinə 5 faizdən 7 faizə qədər qənaət olunacaqdır. İsraildə təbii qazın bol olduğu bir zamanda bu layihə enerji sahəsində çoxdan gözlənilən irəliləyiş ola bilər.

Aralıq dənizinin şərq hissəsində zəngin təbii qaz ehtiyatlarının kəşf edilməsi sayəsində İsraildə təbii qazın metanol və ya mayeləşdirilmiş qaz şəklində istifadə edilməsi ilə ölkənin enerjiyə olan tələbatının demək olar ki, 150 il ərzində təbii qazla təmin edilməsi üçün əla imkanlar yaranır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti