...

Bakı Telefon Rabitəsi İB yenidənqurma işlərini davam etdirir (FOTO)

Telekommunikasiya Materials 10 Mart 2017 13:59 (UTC +04:00)
Bakı ərazisində xidmət alan abunəçilərə vahid mərkəzdən bütün xidmətlərlə bağlı məlumat almaq imkanı verən Çağrı Mərkəzi ilə əlaqə yaratmaq üçün istifadəçilərin 155 qısa nömrəsini yığması kifayətdir.
Bakı Telefon Rabitəsi İB yenidənqurma işlərini davam etdirir (FOTO)

Bakı. Trend:

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) ötən ilin iyul ayından istifadəyə verdiyi Çağrı Mərkəzinin xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı işləri davam etdirir. BTRİB-dən Trend-ə verilən məlumata görə, proqram təminatı daim yenilənir, sual-cavab bazasının idarə olunması, dəyərləndirmə sistemi və göstərilən xidmətlərin icra müddəti nəzarətdə saxlanılır.

Bakı ərazisində xidmət alan abunəçilərə vahid mərkəzdən bütün xidmətlərlə bağlı məlumat almaq imkanı verən Çağrı Mərkəzi ilə əlaqə yaratmaq üçün istifadəçilərin 155 qısa nömrəsini yığması kifayətdir. Gün ərzində 1500-dən yuxarı sorğu qəbul edən mərkəzdə müraciətlər operativ emal olunaraq birbaşa müvafiq struktur bölmələrinə yönləndirilir.

Eyni zamanda, qurumun rəsmi veb-səhifəsi olan “www.baktelecom.az” saytında “Mənə zəng et” funksiyası vasitəsi ilə abunəçi Çağrı Mərkəzi ilə əlaqə saxlamaq üçün uyğun vaxt seçə və Mərkəz operatorunun onunla əlaqə saxlamasını təmin edə bilər.

“Onlayn çat” bölməsində isə hər hansı səbəbdən telekommunikasiya qovşaqlarına gələ bilməyən abunəçinin müraciəti müştəri xidmətləri operatoru tərəfindən dərhal cavablandırılır.

Qeyd edək ki, əvvəllər abunəçilər müxtəlif növ müraciətlər (internet təchizatı, telefon xidmətləri) üçün fərqli nömrələrlə əlaqə saxlamalı idi. Bu da xidmətlər arasında koordinasiyada, xidmət keyfiyyətinin müəyyən olunmasında, müştəri məmnunluğu üçün lazımi işlərin aparılmasında çətinliklər yaradırdı.

Şəbəkə Əməliyyat Sistemi - NOC

BTRİB-in yaratdığı Şəbəkə Əməliyyat Mərkəzində istismarda olan bütün şəbəkə elementlərinin kompleks şəkildə, vahid mərkəzdən idarə olunması prosesi həyata keçirilir. Nəzarət mexanizmi yaranan problemlərə anında reaksiya verilməsinə xidmət edir. Sistem vasitəsi ilə İP, səs, transmissiya şəbəkələrinə və internet trafikə nəzarət etmək mümkündür. Şəbəkənin idarə edilməsi funksiyasını avtomatlaşdıran bu sistem onun sabitliyini də təmin edir.

Şəbəkə Əməliyyat Mərkəzi ilə Çağrı Mərkəzi interaktiv şəkildə paralel fəaliyyət göstərir. Gün ərzində nasazlıq qeydə alınan şəbəkədə hər hansı problem abunəçidən öncə mərkəzin əməkdaşlarına məlum olur və bu məlumat mühəndislərlə yanaşı, həmin an Çağrı Mərkəzinə də ötürülür. Qeyd edək ki, gün ərzində 50-dən çox müxtəlif müraciət daxil olur.

Kabel-kanal infrastrukturu

BTRİB tərəfindən ötən ilin əvvəlindən abunəçilərin qarşılaşdığı internet sürəti və kəsintilərlə bağlı problemlərin aradan qaldırılması məqsədi ilə Bakı şəhəri üzrə kabel-kanal infrastrukturunda əsaslı təmir işləri aparılır. Artıq 10 000-ə yaxın quyu texniki normalara uyğun vəziyyətə gətirilib.

Məlumat üçün bildirək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin xidmət ərazisində 20 788 ədəd kabel-kanal quyusu mövcuddur.

Qeyd edək ki, sistemin uzun illər normativə uyğun düzgün istismar edilməməsi, kabel-kanal sistemində kabellərin səliqəsiz və sıx yerləşdirilməsi, montajın normativlərə cavab verməməsi bu resursun texniki istismarını mümkünsüz etmişdi. Kabel-kanalların bu cür istismarı zədəli kabellərin demontajı zamanı digərlərinin zədələnməsinə səbəb olur və yeni kabellərin çəkilməsini qeyri-mümkün edir.

Qurumun daxili imkanları hesabına həyata keçirilən profilaktik təmir-bərpa işləri zamanı istismar müddəti bitmiş və zavod istehsalatı dayandırılmış qurğuşun qoruyucu qatlı kabellər zədəyə davamlı xüsusi örtüklü, müasir standartlara cavab verən optik kabellərlə əvəz edilir.

Digər tərəfdən, dəyişkən hava şəraiti hava rabitə xətlərinin qırılması və sıradan çıxması kimi halların baş verməsinə səbəb olur ki, bu da rabitə xidmətlərinin təminatında fasilələrin yaranmasına və ya xidmətin dayanmasına gətirib çıxarır. Bu məqsədlə hava rabitə xətlərinin dirəkləri yenilənir, optik kabellər küləyə davamlı troslu fiber-optik kabellərlə, dirəklərdən və paylayıcı şkaflardan abunəçiyə xidmət göstərən rabitə xətləri isə yeni simmetrik kabellərlə əvəz edilir.

Aparılan təmir işləri zamanı müvafiq ərazilərdə abunəçilərin internet təminatında fasilələr yarandığı halda BTRİB tərəfindən abunəçilərin öncədən məlumatlandırılması təmin edilir. Rabitə xidmətlərinin müvəqqəti dayandırılması barədə abunəçilərə avtomatlaşdırılmış anons zəngləri edilir və müvafiq binaların girişlərində elan lövhələri yerləşdirilir.

“Evədək optik internet”

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi paytaxt əhalisinin genişzolaqlı xidmətlərlə təminatını nəzərdə tutan “Evədək internet” (Fiber to the home - FTTH) layihəsinin icrasını da davam etdirir.

İstifadəçinin yüksəksürətli multimedia xidmətləri ilə təminatı GPON (Giqabit Passive Optical Network) avadanlıqları vasitəsi ilə həyata keçirilir. Sözügedən avadanlıqlar mövcud şəbəkə infrastrukturunun keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Nəticədə, eyni infrastruktur üzərindən əhaliyə telefon rabitəsi, internet və yüksək keyfiyyətli rəqəmsal televiziya xidmətlərinin göstərilməsi mümkün olur. Eyni zamanda, GPON məlumat ötürmə sürətini 100 dəfəyədək artırma gücünə malikdir.

Genişzolaqlı xidmətlərin üstünlüyü ondan ibarətdir ki, bu tip xidmətlər daha keyfiyyətlidir və əhaliyə sərfəli paketlər şəklində təklif olunur. Eyni zamanda GPON avadanlıqları daha portativ olmaqla az yer tutur və enerji sərfiyyatını da minimuma endirir. Layihə gələcəkdə istismara verilmiş bütün yaşayış binalarını əhatə edəcək.

“İctimai Wi-Fi”

Əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan “İctimai Wi-Fi” layihəsi çərçivəsində işlər artıq yekunlaşdırılır. Belə ki, Dənizkənarı Milli Park və Dövlət Bayraq Meydanı əraziləri üzrə ictimai internetdən istifadəni təmin edən avadanlıqlar (Access Point) quraşdırılıb. Layihə çərçivəsində bir sıra təhlükəsizlik tədbirləri və risklər nəzərə alınaraq proqram təminatı və şəbəkənin test mərhələsinə start verilib.

Həmçinin, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində də işlər yekunlaşdırılıb. Layihənin növbəti mərhələsi kimi, Heydər Əliyev Mərkəzinin ətraf ərazilərində də işlər həyata keçiriləcək. Xüsusi yanaşma tələb edən memarlıq abidəsi ərazilərində işlər mütəxəssis nəzarəti altında dizayna xələl gətirməmək şərti ilə xüsusi həssaslıqla görülür.

Layihənin icrası zamanı dünya təcrübəsi nəzərə alınıb. Şəbəkənin səmərəli paylanmasını və təhlükəsizlik tədbirlərini nəzərə alaraq sürət həddi və saat limiti də beynəlxalq standartlara əsasən müəyyənləşdirilir.

Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd paytaxt sakinlərini və şəhərimizin qonaqlarını simsiz və yayılan texnologiya vasitəsilə pulsuz internetlə təmin etməkdir. İlkin mərhələdə əhalinin daha çox sıx istirahət etdiyi yerlər seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti