...

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanadakı yanğın fotolarda (ƏLAVƏ OLUNUB-7) (FOTO-3)

Hadisə Materials 1 Avqust 2012 17:08 (UTC +04:00)
Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada güclü yanğın başlayıb.
Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanadakı yanğın fotolarda (ƏLAVƏ OLUNUB-7) (FOTO-3)

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbirlər E.Mehdyev, K.Zərbalıyeva/

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada güclü yanğın başlayıb.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Binəqədi rayonunda "Ramin" şadlıq evinin yaxınlığındakı məcburi köçkünlərin məskunlaşdığı yataqxananın 4-cü mərtəbəsində yanğın başlayıb.

Yataqxanada məskunlaşan sakinlər binanı tərk ediblər.

Yanğın zamanı bir neçə dəfə partlayış səsləri də eşidilib.

Hazırda yanğın davam edir.

XXX

Yanğın 5 mərtəbəli binanın 4 mərtəbəsini əhatə edir. Yanğın binanın yaxınlığındakı bazara da keçib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin 5-dən artıq yanğınsöndürən maşını cəlb olunub.

XXX

Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğınsöndürən maşınların sayı 10-u ötüb.

XXX

Trend-in məlumatına görə, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov jurnalistlərə müsahibəsində bildirib ki, yanğının səbəbləri hələlik məlum deyil. Araşdırmalardan sonra yanğının səbəbləri müəyyən olunacaq və ictimaiyyətə açıqlanacaq.

Yataqxanada məskunlaşmış məcburi köçkünlərin evlə təminatı ilə bağlı suala cavab olaraq icra başçısı deyib ki, bundan öncə baş verən yanğından sonra da məcburu köçkünlər evlə təmin olunmuşdu.

"Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə müzakirələrdən sonra müvafiq addımlar atılacaq", - İsgəndərov bildirib.

XXX

Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğının qarşısı alınıb.

XXX

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, yanğın zamanı xəsarət alan, zəhərlənən olmayıb.

Stansiyadan bildirilib ki, hadisə zamanı yaranan gərginlikdə əsəb sarsıntısı keçirən 6 nəfər təcili yardıma müraciət edib. Onlar arasında qan təzyiqi yüksələn, isterik nevroz keçirənlər olub. Müraciət edənlərin hər birinə yerində ilkin tibbi yardım göstərilib.

Trend-in hadisə yerində olan əməkdaşı isə bildirib ki, yanğın tamamilə söndürülüb.

XXX

Trend-in məlumatına görə, Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev jurnalistlərə bildirib ki, yanğın zamanı binada yaşayan 30-a yaxın şəxs təxliyyə olunub, ikinci mərtəbədə 1 azyaşlı uşaq xilas olunub.

Xudiyev deyib ki, yanğın ilk olaraq pərakəndə ticarət bazarında baş verib. Bazar binaya bitişik olduğundan yanğın tezliklə binaya keçib.

Yataqxanadakı yanğının geniş sahəyə yayılmasının əsas səbəbi binanın eyvanlarının bir-birinə taxta konstruksiyalarla bitişik olmasıdır.

Yanğın zamanı bazar 450 kvadratmetr, binanın eyvanları isə 350 kvadratmetr sahədə yanıb.

Rəis müavini bildirib ki, 5-ci mərtəbədə hər birinin sahəsi 15 kvadratmetr olan 4 mənzil, 3-cü mərtəbədə isə 1 mənzil yanıb. Eyvanları yanğına məruz qalmış bir neçə mənzilə də ziyan dəyib.

Yanğın 1 saat müddətində tam söndürülüb. Yanğının söndürülməsinə Binəqədi və Nərimanov rayon yanğından mühafizə qarnizonu cəlb olunub.

Xəbər lenti

Xəbər lenti