...

Rəsmi Bakıdan Avropa Parlamentinə sərt reaksiya

Siyasət Materials 18 Sentyabr 2014 17:41 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Parlamentinin sentyabrın 18-də Azərbaycanda insan hüquqlarına dair qəbul etdiyi qərəzli qətnaməni tamamilə əsassız və qeyri-obyektiv hesab edir.
Rəsmi Bakıdan Avropa Parlamentinə sərt reaksiya

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Parlamentinin sentyabrın 18-də Azərbaycanda insan hüquqlarına dair qəbul etdiyi qərəzli qətnaməni tamamilə əsassız və qeyri-obyektiv hesab edir.

Trend-in məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin Avropa Parlamentinin 18 sentyabr tarixində Azərbaycanda insan hüquqlarına dair qəbul etdiyi qətnaməni şərh edərkən jurnalistlərə bildirib ki, Azərbaycanda qanunun aliliyi, insan hüquqlarının qorunması, ifadə və sərbəst toplaşmaq azadlığı və məhkəmə sisteminin müstəqilliyi tam şəkildə təmin olunub: "Siyasi baxışlarına və fəaliyyətinə görə heç kim təqib və mühakimə olunmur. Qanunun aliliyinin təmin olunduğu istənilən demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da heç kəs özünü qanundan üstün hesab edə bilməz".

Onun sözlərinə görə, qərəzli münasibətin göstəricisi olan bu qətnamə yalnız Azərbaycana siyasi təzyiq göstərmək məqsədi daşıyır: "Bu il sentyabrın 20-də Bakıda keçirilməsi nəzərdə tutulan "Cənub Qaz Dəhlizinin genişləndirilməsi" və Trans-Anadolu layihəsinin təməlqoyma mərasimi ərəfəsində belə bir qətnamənin süni şəkildə meydana çıxarılması Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsinə və Avropa İttifaqının özünün enerji təhlükəsizliyinin gücləndirilməsinə əvəzsiz töhfə verəcək bu layihənin uğuruna insan hüquqları adı altında xələl gətirmək cəhdi kimi qiymətləndirilir".

E.Abdullayev hesab edir ki, Azərbaycana qarşı məqsədyönlü şəkildə yürüdülən siyasi sifariş və ikili standartlardan qaynaqlanan bu qətnamə Avropa Parlamenti daxilində Avropa İttifaqının özünün təməl maraqlarına zidd fəaliyyət göstərən qüvvələrin mövcudluğuna dəlalət edir: "Özlərini insan hüquqlarının və demokratiyanın carçısı kimi təqdim edən bu kimi dairələrin ən elementar hüquqlardan belə məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasına bilərəkdən göz yummaları onların əsl niyyətindən və ikili standartlara xidmət etmələrindən xəbər verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti