...

Azərbaycanda ağır çəkili avtomobillərin yükdaşıma qaydalarını pozması ilə bağlı cəzalar sərtləşdiriləcək

Cəmiyyət Materials 9 Dekabr 2011 14:33 (UTC +04:00)
İriqabaritli və ağır çəkili avtomobillərin yükdaşıma qaydalarını pozması ilə bağlı cəzalar sərtləşdiriləcək.
Azərbaycanda ağır çəkili avtomobillərin yükdaşıma qaydalarını pozması ilə bağlı cəzalar sərtləşdiriləcək

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda iriqabaritli və ağır çəkili avtomobillərin yükdaşıma qaydalarını pozması ilə bağlı cəzalar sərtləşdiriləcək.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli cümə günü Trend-ə bildirib ki, "İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsi hazırlanıb.

Layihədə İnzibati Xətala Məcəlləsində iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutan 163.0.13-cü maddə ləğv edilir.

Məcəlləyə iriqabaritli və ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasını nəzərdə tutan 163-1-ci maddə əlavə edilib.

Komitə sədri bildirib ki, dəyişikliklərdə hüquqi şəxslərə məxsus olan iriqabaritli və (və ya) ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə, vəzifəli şəxslər üçün 1200 manatdan 1500 manatadək miqdarda, hüquqi şəxslər üçün 4 min manatdan 5 min manatadək miqdarda cərimə nəzərdə tutulub.

Həmçinin fiziki şəxslər onlara məxsus olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin bu tələblər pozulmaqla yüklənməsinə görə 600-700 manat cərimə ediləcəklər.

Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə, nəqliyyat vasitəsini idarə etmə hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılmaqla fiziki şəxslər 1000-1200 manatadək, vəzifəli şəxslər 1800-2000, hüquqi şəxslər 5500-6000 manatadək cərimələnəcəklər.

Hüseynlinin sözlərinə görə, qanun layihəsi komitəyə təqdim olunub və növbəti iclaslarda müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti