...

Kamran İmanov: Azərbaycanın mədəni irsi və mənəviyyatı daim ermənilər tərəfindən təcavüzə məruz qalır (ƏLAVə OLUNUB)

Cəmiyyət Materials 23 Aprel 2014 12:02 (UTC +04:00)
Azərbaycanın mədəni irsi və mənəviyyatı daim ermənilər tərəfindən təcavüzə məruz qalır. Bu təcavüz erməniçiliyin səngiməyən addımları ilə bağlıdır.
Kamran İmanov: Azərbaycanın mədəni irsi və mənəviyyatı daim ermənilər tərəfindən təcavüzə məruz qalır (ƏLAVə OLUNUB)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın mədəni irsi və mənəviyyatı daim ermənilər tərəfindən təcavüzə məruz qalır. Bu təcavüz erməniçiliyin səngiməyən addımları ilə bağlıdır. Trend-in məlumatına görə, bu bardə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov "Ümumdünya kitab və müəlliflik hüququ günü" münasibətilə "Mədəni irsin qorunması və erməni saxtakarlıqları" mövzusunda keçriilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mədəniyyət mübadiləsi və qarşılıqlı zənginləşmə millətin həyat tərzində və birgə yaşayış bacarığında öz əksini tapmalıdır: "Azərbaycan xalqının mədəni irsinin yüz illər boyunca ermənilər tərəfindən "gəldim, gördüm, mənimsədim" prinsipi üzrə oğurlanması onların torpaqlarımıza olan ərazi iddiaları ilə sıx bağlıdır. "Böyük Ermənistan" haqqında mifin reanimatorları, onların niyyətləri kifayət qədər aydındır. Ermənilər onlara məxsus olmayan torpaqlara aid ərazi iddialarını "əsaslandırmaq" üçün həmin torpaqların həqiqi sakinlərinə məxsus olan maddi və qeyri-maddi mədəni irsin mənimsənilməsi və erməniləşdirilməsi ilə bağlı yollardan istifadə etməyə çalışırlar".

K.İmanov bildirib ki, ermənilərin əqli və maddi-mədəni oğurluqları tarixi-coğrafi uydurmalarla, özlərinə yalançı tarix formalaşdırmaqla və Azərbaycanın, bütövlükdə bölgənin tarixinin təhrif edilməsi ilə həyata keçirilir: "Dağlıq Qarabağı və ətraf torpaqlarımızı bu günə qədər boşaltmayan, beynəlxalq hüquq normalarına riayət etməyən və beynəlxalq strukturların qərarlarına məhəl qoymayan, azğınlaşmış erməniçilik son vaxtlar yenidən Naxçıvan ərazisinə də iddialarını irəli sürür. Erməni mətbuatının yaydığına görə, ermənistanda yeni Nahicivan adlı siyasi təşəbbüs peyda olub. Bu, gülməlidir, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Ancaq belə "təşəbbüskarlar" Ermənistan prezidenti Serj Sarkisyandan ilham alırlar. Bu ərazi iddialarının mədəni oğurluqlarla əlaqəsini nəzərə alsaq, həmişəki kimi yenə də, ermənilərin özlərinə, onların etiraflarına müraciət etmək lazımdır".

Onun sözlərinə görə, bu yaxınlarda ermənilərin ziyalısı, teatrlardan birinin bədii rəhbəri erməni qəzetinə verdiyi müsahibəsində Azərbaycan mədəniyyətinin ermənilər tərəfindən özününkünəşdirilməsi ilə bağlı demişdir ki, Azərbaycan musiqisini təhrif edirik, öz musiqimiz kimi təqdim edirik və sonrada bizim payımızı verəndə hiddətlənirik.

K.İmanov əlavə edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış milli müəllif-hüquq sisteminin və Müəllif Hüquqları Agentliyinin müstəqillik dövründəki fəaliyyətinin 2013-cü ildə 20 ili tamam olmuşdur.

Onun sözlərinə görə, bu illər ərzində respublikamızda əqli mülkiyyət, o cümlədən qeyri-maddi mədəni irsin qorunması sahəsində qanunvericilik, idarəçilik və məhkəmə sistemləri yaradılıb, müasir tələblər nəzərə alınmaqla təkmilləşdirilib və beynəlxalq standartlara uyğunlaşdırılıb:

"Son illər müəllif-hüquq sahəsi üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi prosesi uğurla davam etdirilib, "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Qanunun tətbiqi ilə əlaqədar Agentliyin təklifləri əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar, Cinayət və Cinayət Prosessual Məcəllələrinə, "Nəşriyyat işi haqqında" Qanuna və Agentliyin Əsasnaməsinə müvafiq dəyişikliklər edilib, müəllif-hüquq pozuntularına dair sanksiyalar sərtləşdirilib, həmin Qanunun icrasını təmin etmək məqsədi ilə 2013-cü ildə Nazirlər Kabineti tərəfindən 3 yeni qərar qəbul olunub, daha 2 hökumət qərarının qəbul ediləcəyi gözlənilir".

K.İmanov əlavə edib ki, ölkə Prezidenti İlham Əliyevin göstərdiyi qayğı və dəstək sayəsində "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları prioritet istiqamət kimi qəbul olunub, Konsepsiyaya müəllif-hüquq məsələləri və qeyri-maddi mədəni irsin qorunması üzrə 8 tədbir daxil edilib.

Agentliyin sədri vurğulayıb ki, Konsepsiyada duran vəzifələri icra edərək, Müəllif Hüquqları Agentliyi tərəfindən müəyyən işlər görülüb, sənədlər hazırlanaraq müvafiq qaydada təqdim olunub.

K.İmanovun sözlərinə, görülən ən mühüm tədbirlər çərçivəsində qeyri-maddi mədəni-irsin qorunması, rəqəmləşdirilməsi və kənardan mənimsənilmələrə qarşı çıxan mexanizmlərin yaradılmasıdır:

"Bununla əlaqədar, "Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin hüquqi qorunması, qeydiyyatı və dövlət Reyestrinin aparılması Qaydaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsi hazırlanıb. Bununla yanaşı, böyük əhəmiyyət kəsb edən əqli mülkiyyət sahəsinin 2014-2020-ci illərdə inkişafına dair Milli Strategiyanın müəlliflik hüququ və oxşar hüquqlara aid hissəsi hazırlanaraq, ictimai müzakirə üçün Agentliyin rəsmi saytında yerləşdirilib. Beləliklə, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının icrası ilə bağlı qeyd etdiyimiz 3 prioritet istiqamət, yəni rəqəmli mühitdə hüquqların idarə edilməsi, bu hüquqların təminatı və qeyri-maddi mədəni irsimizə daxil olan incilərimizin hüquqi qorunması üzrə cari və növbəti illərdə qarşımızda daha mühüm vəzifələr durur, müvafiq sənədlər hazırlanmaqdadır və bunların əksəriyyəti "rəqəmli hüquqlar"la bağlıdır".

K.İmanov bildirib ki, bunlar ilk növbədə, "Əmlak hüquqlarını kollektiv əsasda idarə edən ictimai birliklər haqqında" Qanun layihəsi, "Müəlliflik hüququ və digər oxşar əqli mülkiyyət hüquqlarına dair" (2013-2015-ci illər) və "ÜDM-da müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan kreativ sənayenin rolunun artırılmasına dair" (2014-2017-ci illər) Dövlət Proqramlarının layihələridir.

Agentlik sədri bildirib ki, bunlarla yanaşı, "Müəllif-hüquq lisenziyaları ilə təmin olunan açıq təhsil resurslarının yaradılmasına dair" Konsepsiya və "Rəqəmli hüquqların idarə edilməsi üzrə "on-line" lisenziyalaşmaya və "one-stop-shops" formatında xidmətlərin göstərilməsinə dair" tədbirlər də çox vacib, müasir təhsil və informasiya texnologiyaları ilə bağlı vəzifələr çərçivəsində icra edilir:

"Müəllif Hüquqları Agentliyinin müstəqillik dövründəki fəaliyyətinin 20 illiyi münasibətilə və müəllif hüquqlarının qorunmasında səmərəli fəaliyyətlərinə görə 2013-cü ildə Agentliyin 4 əməkdaşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən orden və medallarla təltif edilib".

K.İmanovun sözlərinə görə, ölkənin Ümumi Daxili Məhsulunda (ÜDM) müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan sənayenin (kreativ sənayenin) xüsusi çəkisi 2003-cü ildə olan 2,1%-dən artaraq, 2013-cü ilin əvvəlinə olan vəziyyətə görə 4,6% olub:

"Dünya İqtisadi Forumunun 2013-2014-cü illər üçün Hesabatına əsasən, bilavasitə əqli mülkiyyət institutlarının səviyyəsinə görə Azərbaycan dünya ölkələri arasında 69-cu yeri tutaraq MDB məkanında şəksiz liderdir: ölkəmiz Qazaxıstanı 4 pillə, Rusiyanı 44 pillə və Ukraynanı 64 pillə üstələyir".

K.İmanov deyib ki, Azərbaycan bu göstərici üzrə Şərqi Avropanın əksər dövlətlərindən, o cümlədən Polşa (72 yer), Çernoqoriya (76), Xorvatiya (81), Bolqarıstan (104), Rumıniya (110), Albaniya (114), Serbiya (115), Bosniya və Hersoqovinadan (135) irəlidədir:

"3,7-ə bərabər olan bu göstəriciyə əsasən Azərbaycan inkişaf etmiş ölkələrdən İtaliya və Yunanıstandan geri qalmır və güclü inkişafda olan Hindistanı və Braziliyanı üstələyir. Digər komponentlərlə yanaşı, əqli mülkiyyətin qorunmasını dolayısı yolla əks etdirən innovasiyalar göstəricisinə görə də Azərbaycan 51-ci yeri tutaraq MDB dövlətləri arasında birinci yeri tutur".

Agentlik sədri onu da qeyd edib ki, ölkəmiz piratçılığa qarşı beynəlxalq səviyyədə mübarizənin fəal iştirakçılarından biridir.

Onun sözlərinə görə, aidiyyəti dövlət qurumları ilə birlikdə keçirilən müvafiq tədbirlər nəticəsində 2013-cü ildə ölkəmizdə piratçılığın səviyyəsi kitab nəşri sahəsində 2005-ci illə müqayisədə 31%, audio-video məhsulları bazarında 23%, proqram təminatında 9% aşağı düşüb.

K.İmanov əlavə edib ki, xalqımızın ənənəvi mədəni nümunələrinin (folklor nümunələrinin) və ənənəvi biliklərinin sistemli şəkildə öyrənilərək hüquqi qorunması, erməni plagiatçılığının ifşa edilməsi istiqamətlərində Agentlik tərəfindən bir sıra tədbirlər təşkil edilir:

"Erməni saxtakarlıqlarını ifşa edən "Erməni yadelli nağılları" (müəllif Kamran İmanov) kitabı 2013-cü ildə Azərbaycan dilində nəşr edilmiş, rus və ingilis dillərində yenidən çap olunmuş və Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə yayılmış, elektron versiyası müxtəlif informasiya agentliklərinin saytlarında yerləşdirilib. İnformasiya agentlikləri, yayım kanalları və digər KİV-lər vasitəsi ilə çoxsaylı materiallar yayılmış, erməni uydurmalarının ifşasına həsr edilmiş "Erməni tarixi uydurmalarının tarixinə giriş" adlı daha bir kitab (müəllif Kamran İmanov) çapa hazırlanıb".

K.İmanov həmçinin bildirib ki, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq, qeyri-maddi mədəni irsin qanunsuz mənimsənilməsi hallarının qarşısının alınması, həmçinin Azərbaycana məxsus mədəni sərvətlərin, o cümlədən muzeylərdə, kitabxanalarda və arxivlərdə qorunub-saxlanılan və ictimai varidat sayılan mədəni irs və digər əqli mülkiyyət nümunələrinin mərkəzləşmiş şəkildə rəqəmləşdirilməsi, hüquqi qorunması və beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin aidiyyəti qurumları ilə mübadiləsinin təmin edilməsi üzrə Agentlik tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsinə başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti