...

YAY qalereyasında Müseyib Əmirovun fərdi sərgisi açılıb (FOTO)

Mədəniyyət Materials 3 Mart 2014 11:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir V.İmanov/

Bakıda YAY qalereyasında Azərbaycanın əməkdar rəssamı Müseyib Əmirovun "İki vəziyyət" adlı fərdi sərgisi açılıb.

Trend-in məlumatına görə, tədbirdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, ÜNS Yaradıcılıq Səhnəsinin bədii rəhbəri Nərgiz Paşayeva, ölkənin görkəmli ictimai, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Müseyib Əmirov 1963-cü ildə Bakıda, məşhur rəssam Arif Əmirovun ailəsində doğulub. Azərbaycan Dövlət İncəsənət Universitetinin və Rəssamlıq Texnikumunun məzunu olaraq o, özü də müəyyən müddət Azərbaycan Rəssamlıq Akademiyasında "Eksperimental rəsm" sinfi üzrə dərs deyib.

Bu gün Müseyib Əmirov müstəqil rəssam kimi fəaliyyət göstərir, onun sənət işləri ABŞ, Fransa, Almaniya, Litvada nümayiş etdirilərək dünyanın bir sıra muzey və fərdi kolleksiyalarında saxlanılır.

Rəssamın iştirak etdiyi ən iri beynəlxalq layihələr arasında İncəsənət Sərgisi "Bakı-Paris. 20 rəssam", Orangeri de Senat, Paris, Fransa (2004-cü il); "Azərbaycanın müasir rəssamlarının sərgisi" IMF Gallery, Vaşinqton, ABŞ (2004-cü il), Lüksemburqda Beynəlxalq incəsənət sərgisi (2003-cü il) və Beynəlxalq incəsənət sərgisi, "Grands et jeunes d'aujourd'hui", Espace Auteuil, Paris, Fransa (2003) kimi sərgiləri misal göstərmək olar.

Müseyib Əmirovun fərdi sərgisi keçirilən Bakının YAY qalereyası bir ildən artıq müddətdə ən istedadlı gənc və tanınmış rəssamların daimi nümayiş platformasına çevrilib. Qalereyada təqdim edilən sənət əsərlərinin satışından əldə olunan gəlir rəssamların dəstəyinə yönəlmiş YARAT qeyri-kommersiya təşkilatının çoxsaylı layihələrinin reallaşmasına istiqamətlənir. Qalereyada mütəmadi olaraq mühazirələr, video-nümayişlər və ustad dərsləri keçirilir.

"İki vəziyyət" sərgisi 19 mart 2014-cü il tarixinə qədər davam edəcək.
Ünvan: Kiçik Qala küç, 5.
Rəsmi açılış: 19:00
Giriş sərbəstdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti