Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Vüqar İmanov/
Nüfuzlu beynəlxalq "Miss Globe International" gözəllik müsabiqəsinin finalı ilk dəfə olaraq sentyabrın 14-də Azərbaycanda keçiriləcək. Müsabiqə RGA (prezident Rasim Aydın) və Z COMPANY 2007 (prezident Zamiq Yunisov) şirkətləri tərəfindən təşkil edilib.
Final ərəfəsində "Miss Globe International"ın sahibi və prezidenti Rasim Aydın müsabiqənin ölkənin ən böyük konsert zalında - "Baku Crystall Hall"da keçirilməsi ilə bağlı Trend-ə müsahibə verib.
- Azərbaycana xoş gəlmisiniz. Mümkünsə, Bakıda "Miss Globe International"ın finalının keçirilməsi haqqında danışardınız...
- Mən qardaş ölkəyə ikinci dəfədir gəlirəm və Bakıda 89-cu beynəlxalq "Miss Globe International" gözəllik müsabiqəsinin finalını keçirmək bizim üçün böyük fəxrdir. Bu müsabiqə ilk dəfə 1925-ci ildə İstanbulda keçirilib və sonralar dünyanın bir çox ölkələrində təşkil edilib. Mən 2004-cü ildən bu müsabiqənin sahibiyəm və onu daha yüksək beynəlxalq səviyyəyə çıxartmağa çalışmışam. İlk növbədə, İstanbul şəhərini bu müsabiqənin mərkəzinə çevirdim və "Miss Globe International"ın dünyada ən çox tanınan türk brendlərindən biri olması üçün aktiv fəaliyyətə başladım. Buna da nail oldum.
Sevindirici haldır ki, bu gözəllik müsabiqəsi artıq bir neçə ildir dünyanın ən nüfuzlu müsabiqələrindən biridir, 162 ölkədə isə rəsmi nümayəndələri var. İndiki müsabiqədə 120 ölkənin nümayəndəsinin iştirakı gözlənilir. Dünyanın, o cümlədən Azərbaycanın məşhur insanları gecənin qonağı olacaqlar. Onlar, həmçinin münsiflər heyətinin tərkibinə daxil olacaqlar.
- Bu müsabiqə bir qayda olaraq İstanbulda keçirilir. Niyə paytaxtımız bu dəfə belə irimiqyaslı tədbirin keçirilməsi üçün seçilib?
- Hazırda dünyada Azərbaycan dinamik inkişaf edən ölkə kimi tanınır, Bakı isə dünyanın ən çox çiçəklənən paytaxtlarından biridir. Qeyd etmək istərdim ki, hazırda gözəllik müsabiqələri futbol oyunlarından sonra ən reytinqlidir. Məsələn, sosial şəbəkələrdəki səhifələrimizə baş çəkənlərin sayı 7 milyonu ötür. Mövcud müsabiqəyə böyük marağın olmasını nəzərə alaraq, final FOX televiziya şirkəti vasitəsilə dünyanın 76 ölkəsində yayımlanacaq. Buna görə də "Miss Globe International"ın finalının Bakıda keçirilməsi şübhəsiz ki, dünya ictimaiyyətinin diqqətini yenidən Azərbaycana yönəldəcək, beynəlxalq arenada ölkənin təbliğatına öz töhfəsini verəcək. Bizim üçün ən əsası ölkənin şərəfidir. Bu müsabiqə irimiyqaslı və ciddi müsabiqədir, eləcə də xalqlar arasında mədəniyyət və dialoqun özünəməxsus körpüsüdür. Hər kəs bu layihənin bütün məsuliyyətini dərk etməlidir.
- "Miss Globe International"da iştirak etməyin və qaliblərin seçilməsinin əsas meyarları hansıdır?
- "Miss Globe International" müsabiqəsində irsi, dini inancı və milliyətindən asılı olamayaraq, 18-24 yaşlı subay qızlar iştirak edirlər. Əsas məqsədimiz onun sosial mahiyyəti, müasir cəmiyyətdə qadının rolunu göstərmək istəyidir. Heç bir insan cəmiyyəti qadının rolunu azaldaraq həmahəng inkişaf edə, daha yüksək səviyyəyə irəliləyə bilməz. Hazırda əyani surətdə görürük ki, bir çox qadınlar parlaq zəkaya, olduqca yüksək işgüzar və mənəvi keyfiyyətlərə malikdirlər. Buna görə də qalibin seçilməsində 4 əsas meyarımız var - özünəinam, liderlik keyfiyyəti, çalışqanlıq və əlbəttə ki, estetik xarici görünüş. Bizim qaliblərimiz il ərzində dünyanın müxətlif ölkələrində sosial və xeyriyyə aksiyalarında iştirak edirlər.
Müsabiqənin informasiya dəstəyi TREND, Day.az və Milli.az-dır.