...

“Muzeylər gecəsi” multimedia aksiyasının hadisələri YARAT-ın rəqəmsal platformasında işıqlandırılacaq

Mədəniyyət Materials 16 May 2020 15:30 (UTC +04:00)
“Muzeylər gecəsi” multimedia aksiyasının hadisələri YARAT-ın rəqəmsal platformasında işıqlandırılacaq

Bakı. Trend:

Muzeylər – son dərəcə mühüm əhəmiyyət kəsb edir. Muzeylər həmişə ən əhəmiyyətli mədəni funksiyaları yerinə yetirən əsas qurumlar olub. Muzeylər – bəşəriyyətin tarix və mədəniyyəti, mənəvi və maddi dəyərləri, həmçinin cəmiyyətin bir çox sirlər və müəmmalarının fiziki mühafizəkarlarıdır. İstənilən muzey – insanın özünü dünya miqyaslı hadisələrin bir hissəsi kimi hiss etməsi, günümüzə qədər gəlib çatan qədim əşyaları qiymətləndirməsi və onlardan ilham alması, özü ilə tək qalması, fikirlərini qaydaya salması və dərin düşüncələrə qərq olması, ətraf aləmin gözəlliklərini seyr etməsi üçün unikal məkandır.

Trend-in məlumatına görə, beynəlxalq səviyyədə, hər il mayın 18-i muzeylərin şərəfinə qeyd edilən tematik bayram təsis edilib. Bütün dünyada “Muzeylər gecəsi” kimi tanınan ən parlaq ənənə bu bayramın bir hissəsidir. Bu tarixdə muzeylər öz iş rejimini uzadır və ziyarətçilər üçün qeyri-adi tədbirlər hazırlayırlar.

COVID-19 koronavirus pandemiyası səbəbindən bu il ənənəvi “Muzeylər gecəsi” beynəlxalq aksiyası, bütün dünyada baş verən hadisələrə uyğunlaşmaq məcburiyyətində qalıb və ilk dəfə olaraq, qeyri-adi formatda keçiriləcək.

19 may tarixində, YARAT Müasir İncəsənət Məkanı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə, multimedia layihəsini həyata keçirməyi planlaşdırır.

Proqramda auditoriyaya eksklüziv rəsm əsərlərinin toplusu təqdim olunacaq. Tamaşaçılar müxtəlif mövzulara və tarixi dövrlərə aid olan muzey kolleksiyaları və sərgi layihələri haqqında yeni və maraqlı məlumatlar əldə edə biləcəklər. Əsərlər Azərbaycan Dövlət Xalça Muzeyi, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, Macarıstan Milli Muzeyi, Marka Rotko İncəsənət Mərkəzi (Latviya), Moda Muzeyi (Latviya) YARAT Müasir İncəsənət Məkanı tərəfindən təqdim olunacaq.

Ən yeni və müasir texnologiyalar sayəsində bu gün standart auditoriyanı daha da genişləndirmək imkanı mövcuddur. Bir sıra muzeylərin kolleksiyaları və sərgi layihələrindən olan əsərlər, hazırda karantin rejimində yaşayan şəhər sakinlərinə, onların yaşadıqları məkanlarda videoproyeksiyalar vasitəsi ilə nümayiş etdiriləcək. Tədbir zamanı tamaşaçılar mənzillərinin pəncərələri və eyvanlarından bu təqdimatı müşahidə edərək, öz dünyagörüşlərini genişləndirməklə yanaşı, bədii yaradıcılıq mövzusunda düşünmək imkanı verən muzey eksponatları ilə tanış olacaqlar. #evdəqal
PLATFORMA Art, Yasamal rayon icra hakimiyyəti, Macarıstan Səfirliyi, Latviya Səfirliyi, Bakı Höte-Mərkəzi və Azərbaycan Dövlət Xalça Muzeyi layihənin tərəfdaşları qismində çıxış edirlər.

“Muzeylər gecəsi” multimedia aksiyasının hadisələri YARAT-ın rəqəmsal platformasında işıqlandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti