...

Səhiyyə nazirinin müavini vəfat edib

Gündəm Materials 9 Aprel 2018 12:48 (UTC +04:00)
Azərbaycanın tanınmış səhiyyə xadimi, səhiyyə nazirinin müavini Abbas Vəlibəyov bu gün ömrünün 71-ci ilində vəfat edib.
Səhiyyə nazirinin müavini vəfat edib

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın tanınmış səhiyyə xadimi, səhiyyə nazirinin müavini Abbas Vəlibəyov bu gün ömrünün 71-ci ilində vəfat edib.

Trend-in məlumatına görə, Abbas Vəlibəyov 1947-ci ildə Bərdə şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1965-1971-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsində təhsil alıb. 1971-1974 ci illərdə Mülki Aviasiya idarəsində həkim–epidemioloq, daha sonra Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə o cümlədən həkim-inspektor, sanitariya epidemiologiya baş idarəsində rəis müavini, rəis vəzifələrində çalışıb.

1988-ci ildə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin Elmi-Təcrübi və Tədris Birliyinin baş direktoru vəzifəsinə təyin edilib. 1990-cu ildə Səhiyyə nazirinin müavini, Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru, 1993-cü ildən isə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru təyin olunub. 1999-cu ildən bu günə kimi Səhiyyə Nazirinin müavini - Baş Dövlət Sanitar Həkimi vəzifəsində çalışırdı.

1981-ci ildən Səhiyyə Nazirliyi Kollegiyasının üzvü, sosial gigiyena və səhiyyənin təşkili üzrə ali dərəcəli həkim, Ümumittifaq Epidemioloqlar, mikrobioloqlar və parazitoloqların Elmi Cəmiyyəti Rəyasət Heyətinin, eləcə də Ümumittifaq Gigiyenist və sanitar həkimlərinin Elmi Cəmiyyətinin İdarə heyətinin üzvü seçilib. Yeni Azərbaycan Partiyasının üzvü idi.

Səmərəli fəaliyyəti ilə respublikamızda səhiyyənin inkişafına sanballı töhfələr vermiş Abbas Vəlibəyov 1980-ci ildə SSRİ Səhiyyə Nazirliyinin əmri ilə “Səhiyyə əlaçısı” döş nişanı ilə, 2000-ci ildə “Əməkdar həkim” fəxri adı ilə, 2013-cü ildə “Tərəqqi” medalına layiq görülüb. 2017-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti