Bakı. Samir Əli - Trend:
Rusiyada 3 il əvvəl adam öldürməyə cəhd edən şəxs Azərbaycanda yaxalanıb.
Trend-in məlumatına görə, hadisə Rusiyanın Rostov vilayətində baş verib.
Sabirabad rayonunun Zəngənə kənd sakini, Babayev Amil Kamil oğlu 2016-cı il dekabrın 16-da Rostov vilayəti, Aksay şəhəri, Verbnaya küçəsi 2 saylı ünvanda tanışı Xəlilov Fərrux Vaqif oğlu ilə ailə münaqişəsi zəminində mübahisə edib. A.Babayev F. Xəlilovdan qisas almaq məqsədi ilə ona bir neçə bıçaq zərbəsi endirərək öldürmək istəyib.
Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.
A.Babayev həmin vaxtdan etibarən Azərbaycana qaçaraq istintaqdan gizlənib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Babayev saxlanılıb, Sabirabad rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı başlanmış cinayət işi Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib və iş Səbail rayon Prokurorluğuna göndərilib.