Bakı. İlhamə İsabalayeva - Trend:
Almaniya İnkişaf Bankının və Azərbaycan hökumətinin müvafiq dəstəyi ilə Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğu yaradılacaq.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.
Onun sözlərinə görə, Zaqatala-Balakən biosfer qoruğunun yaradılması layihəsinə artıq bir neçə ildir başlanılıb, layihəyə hazırlıq işləri bitib. Hazırda Almaniya İnkişaf Bankının təşkilatçılığı ilə Almaniyada beynəlxalq tender keçirilib və tenderə təşkilatlar cəlb olunub. Artıq yaxın həftələrdə tenderin qalibinin elan ediləcəyi gözlənilir. Tenderin qalibi olan şirkət, yəni icraçı şirkət tərəfindən Zaqatala-Balakən biosfer qoruğunun yaradılması işlərinə başlanılacaq.
Layihənin ümumilikdə 4 il ərzində başa çatdırılması nəzərdə tutulur.
Layihə çərçivəsində Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında və ətraf ərazilərdə istər təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsi, istərsə də sosial yönümlü tədbirlər, yəni orada yaşayan əhalinin həyat səviyyəsinin yüksəldilməsi, həmin ərazinin tam ekoloji cəhətdən təhlükəsiz bir əraziyə çevrilməsi nəzərdə tutulub.