Bakı. Trend:
Sentyabrın 5-də “TurAz Qartalı - 2022” birgə taktiki-uçuş təlimlərinin açılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın və Türkiyənin hərbi qulluqçuları, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və başqaları iştirak ediblər.
Əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib, ümummilli lider
Heydər Əliyevin və ölkələrimizin müstəqilliyi uğrunda şəhid
olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Hərbi Hava Qüvvələrinin zabiti general-mayor Zaur Rüstəmov
qonaqları salamlayaraq vurğulayıb ki, bu cür təlimlərin keçirilməsi
birgə fəaliyyətlərinin planlaşdırılması, qarşılıqlı əlaqə və döyüş
uzlaşmasının öyrənilməsi, eləcə də axtarış-xilasetmə tədbirlərinin
icrası baxımından mühüm əhəmiyyət kəsb edir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan-Türkiyə dostuq və qardaşlıq əlaqələrinin uğurlu inkişafından, bu münasibətlərin yüksək nəticələrindən danışıb.
Digər çıxış edənlər də təlimlərin başlanması və döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsi ilə əlaqədar iştirakçılara uğurlar arzulayıblar.
Sonra təlimlərin məqsədi, şəxsi heyətin hazırlığı, yerləşməsi,
cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya
vasitələrinin uçuşu və istifadəsi barədə brifinq verilib.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.