...

Matəm günü ilə əlaqədar Azərbaycanın Çindəki səfirliyində xatirə kitabı açılıb (FOTO)

Gündəm Materials 26 Dekabr 2024 09:53 (UTC +04:00)
Matəm günü ilə əlaqədar Azərbaycanın Çindəki səfirliyində xatirə kitabı açılıb (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Hava Yolları”nın Bakı–Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günü səbəbindən ölkəmizin Çindəki səfirliyində dövlət bayrağı yarıya endirilib.

Trend xəbər verir ki, səfirlik Çinin Xarici İşlər Nazirliyinə, BMT-nin qurumlarının ofislərinə, Şaxnay Əməkdaşlıq Təşkilatının katibliyinə, Ərəb Dövlətləri Liqasının Çindəki təmsilçiliyinə, Pekindəki diplomatik nümayəndəliklərə nota göndərərək, matəm ilə əlaqədar dekabrın 26-27-də səfirlikdə xatirə kitabının açıldığını bildirib.

Bundan başqa, səfirliyin Çində populyar olan sosial şəbəkə hesablarında hadisə ilə əlaqədar paylaşım edilib.

Xarici ölkələrin Çindəki diplomatik nümayəndəlikləri Azərbaycan səfirliyinə başsağlığı verir. Səfirlər Azərbaycan səfirliyinə gələrək başsağlığı verir, xatirə kitabına ürək sözlərini yazırlar.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Son məlumatlara əsasən, sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. Qazaxıstandan 6 sərnişin olub, onlar həlak olublar.

Təyyarənin ekipaj üzvlərindən hər iki pilot həlak olub, digər 3 nəfər sağ qalıb.

Xəbər lenti

Xəbər lenti