Bakı. Trend:
Dekabrın 26-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov arasında növbəti telefon danışığı baş tutub.
Trend xəbər verir ki, hökumət başçıları ötən gün baş vermiş təyyarə qəzası ilə əlaqədar bir-birilərinə və həlak olan şəxslərin ailə üzvlərinə və yaxınlarına başsağlıqlarını ifadə edib, xəsarət alanların tezliklə şəfa tapmasını diləyiblər.
Ə.Əsədov qəza baş verdikdən dərhal sonra axtarış-xilasetmə əməliyyatının həyata keçirilməsində yüksək operativlik göstərdiyinə və hadisə ilə bağlı bütün məsələlərdə yaxından dəstək verdiyinə görə Qazaxıstan tərəfinə təşəkkür edib.
O.Bektenov bu gün Azərbaycanın Astanadakı səfirliyini ziyarət etdiyini, qəza nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar dərin hüznlə başsağlığı verdiyini, səfirlikdə açılan xatirə kitabında qeyd qoyduğunu bildirib.
Telefon danışığı zamanı qəza nəticəsində xəsarət alanlara və yaralananlara Azərbaycan və Qazaxıstanın aidiyyəti qurumları tərəfindən yüksək koordinasiya şəraitində təxirəsalınmaz yardım göstərilməsi, sağ qalan Azərbaycan vətəndaşlarının, habelə həlak olan şəxslərin nəşlərinin ölkəmizə gətirilməsi, həmçinin hadisə ilə bağlı bir sıra digər çevik cavab tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda hadisənin baş vermə səbəblərinin araşdırılması ilə bağlı cinayət işi üzrə birgə aparılan istintaqın gedişi müzakirə olunub.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.