Bakı. Trend:
Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar qəza nəticəsində həlak olanların xatirəsi bu gün Azərbaycanın bütün məscidlərində, o cümlədən, İçərişəhər “Cümə məscidi”ndə də anılıb.
Trend xəbər verir ki, bu barədə Bakı Şəhər İca Hakimiyyəti məlumat yayıb.
Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, İçəri şəhər “Cümə məscidi” dini icmasının sədri hacı Surxay Məmmədli bildirib ki, “Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri hər kəsi dərindən sarsıdıb.
"İçərişəhər “Cümə” məscidi dini icması olaraq QMİ sədrinin göstərişinə əsasən, İçərişəhər “Cümə” məscidində təyyarə qəzasında həlak olanların ruhlarına "Qurani Kərim"dən ayələr tilavət edildi, onların ruhlarına dualar oxundu. Dini icma olaraq bir daha xalqımıza dərin hüznlə baş sağlığı verir, qəzada yaralananlara Uca Allahdan şəfa diləyirik.
Uca Allah xalqımızı bütün bəlalardan qorusun!”
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.