...

ABŞ Dövlət Departamenti AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib

Siyasət Materials 26 Dekabr 2024 13:25 (UTC +04:00)
ABŞ Dövlət Departamenti AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Dövlət Departamenti AZAL-ın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller özünün "X" sosial şəbəkəsində yazıb.

"Azərbaycan Hava Yollarına" məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması xəbərinə dərindən kədərləndik. Dualarımız həlak olanların ailələri ilə birlikdədir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq. Birləşmiş Ştatlar Qazaxıstan və Azərbaycana yardım göstərməyə hazırdır", - deyə o qeyd edib.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.

Xəbər lenti

Xəbər lenti