Astana. Trend:
Qazaxıstanın Baş naziri Oljas Bektenov AZAL aviaşirkətinə məxsus “Embraer 190” sərnişin təyyarəsinin Aktaunun hava limanı yaxınlığında baş verən qəzası ilə əlaqədar Azərbaycanın Astanadakı səfirliyində açılmış başsağlığı kitabına öz qeydlərini yazıb.
Trend xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidmətindən bildirilib.
“Bu çətin anlarda Qazaxıstan Hökuməti və şəxsən öz adımdan həlak olanların ailələrinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verirəm. İtki acısını paylaşaraq, qəza nəticəsində yaralananlara tezliklə sağalmağı, Azərbaycan xalqına isə səbir və mətanət arzu edirəm. Biz qardaş Azərbaycana müvafiq yardım və hərtərəfli dəstək göstərəcəyik”, – deyə Baş nazir qeyd edib.
Bundan əvvəl Oljas Bektenov həlak olan qazaxıstanlıların ailələrinə başsağlığı vermiş, Azərbaycan, Rusiya və Qırğızıstan vətəndaşlarından zərərçəkənlərə hərtərəfli dəstək göstərilməsi barədə göstəriş vermişdi. Həmçinin, Aktauda həlak olan sərnişinlərin ailə üzvlərinə lazımi yardım göstərilməsi təmin olunur.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.