Bakı. Trend:
Təəssüf ki, qəza zamanı iki təcrübəli pilotumuz və bir bələdçimiz həyatlarını itirdilər. Onların bu qəhrəmanlığı heç vaxt unudulmayacaq.
Trend xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev jurnalistlərə açıqlamasında söyləyib.
O qeyd edib ki, təyyarənin “qara qutu”su artıq tapılıb və onun təhlili üçün beynəlxalq aviasiya konvensiyalarına uyğun prosedurlar həyata keçirilir.
Təyyarə oktyabr ayında tam təmirdən çıxıb, texniki baxışdan keçib və uçuşları 15 min saatdan çox olan təcrübəli pilotlar tərəfindən idarə edilirdi. Buna baxmayaraq, hadisənin səbəbləri araşdırılır.
Hazırda Aktau şəhərində olan sağ qalmış sərnişinlərin və dünyasını dəyişənlərin cəsədlərinin Azərbaycana geri qaytarılması üçün hazırlıqlar görülür”, - deyə S.Rzayev bildirib.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.