Bakı. Trend:
Aktauda baş verən təyyarə qəzasında ölənlərdən 7-nin şəxsiyyəti müəyyən edilib.
Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, ötən gün qəzada ölən 38 nəfərin cəsədi aşkar edilib, onlar məhkəmə-tibb mərkəzinə aparılıb, onlardan 6-sı Qazaxıstan vətəndaşı və 3-ü ekipaj üzvü olub.
Mütəxəssislər həmçinin faciə yerindən tapılan təyyarənin “qara qutu”su ilə də işləyirlər.
FHN-dən bildirilib ki, fəsadların aradan qaldırılmasına 306 nəfər, 101 texnika, 2 təyyarə və 6 kinoloji briqada cəlb olunub.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.