Bakı. Trend:
“Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan şəxslərin nəşlərinin tanınması üçün yaxınlarının DNT analizinə ehtiyac olacaq.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Aktaudakı baş konsulu Ayxan Süleymanlı bildirib.
O qeyd edib ki, həlak olan şəxslərin cəsədləri tanınmaz vəziyyətə olduğu üçün onların kimliyinin müəyyənləşdirilmə prosesi aparılır:
"Cəsədlərin tanınması prosesi bir qədər zaman alacaq. Həlak olanların kimliyi müəyyənləşdikdən sonra ölkələrinə göndəriləcək. Cəsədlərin kimliyinin müəyyənləşdirilməsi üçün Azərbaycandan Aktauya gələn Səhiyyə Nazirliyinin və Baş Prokurorluğunun ekspert qrupu araşdırma aparır. Cəsədlərin tanınması üçün yaxınlarının DNT analizinə ehtiyac olacaq. Həlak olan 26 Azərbaycan vətəndaşının 3-ü tanınan haldadır".
Bundan başqa A.Süleymanlı qeyd edib ki, hadisə baş verən andan etibarən Qazaxıstanın müvafiq rəsmi qurumları operativ və peşəkar formada fəaliyyət göstərir. Yaralıların təcili və təhlükəsiz xəstəxanaya çatdırılmasının ölüm hallarını minimuma saldığını vurğulayan Baş konsul əlavə edib:
“Qazax xalqı da bu hadisəyə biganə yanaşmır. İnsanlar yaralılara könülü qan verirlər. Bundan başqa konsulluq qarşısına gül dəstələrinin düzülməsi yerli əhalinin öz təşəbbüsüdür”.
Ayxan Süleymanlı bildirib ki, hadisə baş verən andan Aktaudakı Türkiyə, İran, Özbəkistan və Türkmənistanın baş konsulları Azərbaycana dəstək nümayiş etdirirlər.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.