Bakı. Trend:
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təcrübəli psixoloq, həkim və xilasedicilərindən ibarət qrup FHN-ə məxsus “BE-200 ÇS” amfibiya tipli təyyarə ilə Aktau şəhərinə göndərilib.
Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğradıqdan dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri vasitələrlə təchiz edilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təcrübəli psixoloq, həkim və xilasedicilərindən ibarət qrup FHN-ə məxsus “BE-200 ÇS” amfibiya tipli təyyarə ilə Aktau şəhərinə göndərilib.
Qeyd edilib ki, qarşıda qoyulmuş tapşırıqlara uyğun olaraq, Nazirliyin psixoloqları tərəfindən zərərçəkmişlərə təcili psixoloji yardım göstərilir, habelə həkimlər tərəfindən zərurət yarandığı təqdirdə tibbi müdaxilələr həyata keçirilir. Həmçinin, qəza baş vermiş ərazidə Nazirliyin xilasediciləri tərəfindən müvafiq tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Son məlumatlara əsasən, sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. Qazaxıstandan 6 sərnişin olub, onlar həlak olublar.
Təyyarənin ekipaj üzvlərindən hər iki pilot həlak olub, digər 3 nəfər sağ qalıb.