Bakı. Trend:
Qazaxıstanın Bakıdakı səfirliyində bu ölkənin bayrağı yarıya qədər endirilib.
Trend xəbər verir ki, bu barədə Səfirlikdən məlumat verilib.
Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qəzada ölənlər arasında 6 Qazaxıstan vətəndaşı da olub.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Qazaxıstan həkimləri, həmçinin, Azərbaycan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır. Onlara operativ və ixtisaslaşmış tibbi və psixoloji yardımın göstərilməsi təmin edilib.
Təyyarənin ekipaj üzvlərindən hər iki pilot həlak olub, digər 3 nəfər sağ qalıb.