Beyləqan. Trend:
"Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması nəticəsində həlak olanlarn əziz xatirəsi dekabrın 26-da saat 12:00-da ölkəmizin bütün ərazisində olduğu kimi, Beyləqan şəhərində də bir dəqiqəlik sükutla yad olunub.
Trend xəbər verir ki, nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, dövlət bayraqları yarıyadək endirilib.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.