Bakı. Trend:
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Bakı-Qroznı istiqamətində uçan “Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Trend xəbər verir ki, başsağlığında deyilir:
“Respublika veteranları adından təyyarə qəzasında həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik. İnanırıq ki, xalqımızın həmrəyliyi bizə tariximizin bütün çətin dönəmlərində olduğu bu faciəyə də ləyaqətlə dözməkdə kömək edəcək, birliyimizin həlak olanlarının ailələrinə təsəlli olacaqdır”.
Məlumat üçün qeyd edək ki, ağır təyyarə qəzası ilə əlaqədar 26 dekabr Azərbaycanda matəm günü elan edilib.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.