Bakı. Trend:
Hazırda fövqəladə hallar naziri ilə birgə Qazaxıstandan qayıdırıq. Orada Azərbaycan vətəndaşlarına və digər sərnişinlərə baş çəkdik. Cənab Prezidentin tapşırığı ilə onların vəziyyəti ilə maraqlandıq. Onların bəziləri özləri hərəkət edə bilirlər.
Trend-in məlumatına görə, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hadisə yerində 29 nəfər insanın həyatını xilas etmək mümkün olub.
"Həkimlərin gəldiyi qənaətlə biz onları özümüzlə qaytarmamaq qərarına gəldik. Həkimlər nə zaman qərar verərsə, onlar özləri qayıdarlar. Eyni zamanda reanimasiyada olan xəstələrimiz var ki, onların da müalicəsi Qazaxıstandan olan və Azərbaycandan ezam olunmuş həkimlər tərəfindən nəzarətə götürülüb. Bu gün həlak olanların gətirilməsi ehtimalı yoxdur. Araşdırma aparılır. Son qərar sabah və ya yaxın günlərdə veriləcək. Qara qutular tapılıb. Qanunvericiliyə uyğun olaraq, onların araşdırılması aparılacaq", - deyə o bildirib.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Son məlumatlara əsasən, sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. Qazaxıstandan 6 sərnişin olub, onlar həlak olublar.
Təyyarənin ekipaj üzvlərindən hər iki pilot həlak olub, digər 3 nəfər sağ qalıb.