...

AZAL yaralananlara və ölənlərin ailələrinə maddi kompensasiya ödəyəcək

Cəmiyyət Materials 26 Dekabr 2024 20:50 (UTC +04:00)
AZAL yaralananlara və ölənlərin ailələrinə maddi kompensasiya ödəyəcək
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının qərarı ilə 25.12.2024-cü il tarixində Qazaxıstan Respublikası ərazisində qəzaya uğramış “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20.000 manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsi müəyyən edilmişdir.

Bu barədə Trend-ə AZAL-dan məlumat verilib.

Bildirilir ki, bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəza nəticəsində ümumilkdə 38 nəfər həlak olub. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti