Bakı. Trend:
AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra elan olunmuş matəm günü çərçivəsində Türkiyənin Azərbaycandakı səfirliyində və Türk şəhidliyində bayraqlar yarıya qədər endirilib.
Trend xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidmətindən məlumat verilib.
"Dəhşətli qəza nəticəsində həyatını itirmiş qardaş və bacılarımızın xatirəsini bir daha anır, ailələrinə başsağlığı verir, dost Azərbaycan xalqının dərin hüznünü bölüşürük", - deyə səfirlikdən bildirilib.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.