Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə dələduzluqda təqsirləndirilən Azər Sevindik oğlu Şıxverdiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Şıxverdiyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Lalə Saleh qızı İbrahimova polisə ərizə ilə müraciət edərək bildirib ki, Yasamal rayonu Nizami küçəsi 63-də yerləşən “Turan Bank”ın nəzdində olan lombardda işləyən Azər Sevindik oğlu Şıxverdiyevə bir gün saxlamaq adı ilə 14 840 manat və qızıl zinət əşyalarını verib. A.Şıxverdiyev müxtəlif bəhanələrlə pulu və qızılı geri qaytarmayıb. Daha sonra A.Şıxverdiyev polis əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.