...

Bakıda idman zalında qətl törədən şəxsin cinayət işi istintaqa qaytarıldı

Hadisə Materials 29 Aprel 2022 13:43 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda idman zalında qətl törətməkdə təqsirləndirilən Əli Abbasovun cinayət işi üzrə məhkəmə məhkəmə araşdırması davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən, qətlə yetirilən Bəxtiyar Nəsibovun qardaşı Vüsal Nəsibov hadisənin şahidi olduğunu deyib.

Daha sonra zərərçəkmiş şəxsin vəkili işin istintaqa qaytarılması ilə bağlı vəsatət qaldırıb.

Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxs Bəxtiyar Nəsibovu tək öldürməyib, cinayətdə başqa adamların da iştirakı olub.

Vəkil Əli Abbasovun Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) madələri ilə ittiham edilməli olduğunu deyib.

Məhkəmə müdafiəçinin qaldırdığı vəsatəti təmin edib. Cinayət işi yenidən araşdırılması üçün istintaqa qaytarılıb.

Xatırladaq ki, hadisə ötən il martın 1-də paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

İstintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə şəhər sakini Əli Abbasov Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən idman zalında məşq edərkən həmin zalda idman edən 1999-cu il təvəllüdlü Bəxtiyar Nəsibov ilə bir-birilərinə baxmaq səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncu ona sağlamlığına qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirdikdən sonra o, qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibovu üzərində gəzdirdiyi bıçaq ilə sonuncunun döş qəfəsinin sol yan nahiyəsindən xəsarətlər yetirərək qəsdən öldürüb.

Əli Abbasov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti