...

Milli QHT Forumunun əmlakı yanıb

Hadisə Materials 5 İyul 2007 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bakının Salatın Əsgərova küçəsi 85 ünvanında yerləşən 16 mərtəbəli binada yanğın baş verib. Yanğın binanın 13-cü mərtəbəsində olub. Bu barədə Milli Qeyri-hökumət təşkilatları Forumundan (MQF) məlumat verilib.

13-cü mərtəbədə Milli QHT Forumunun ofisi yerləşir. Yanğın nəticəsində, eləcə də yanğın söndürülən zaman MQF-nin dəhlizə yığılmış əmlakı, telefon rabitə və elektrik xətləri sıradan çıxıb. MQF-yə dəymiş maddi ziyan komissiya tərəfindən təxminən beş min manat həcmində dəyərləndirilib.

Qeyd edək ki, həmin 16 mərtəbəli bina Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib. Buna görə də orada yerləşən təşkilatlar, şirkətlər binadan çıxarılmağa başlayıb. MQF-dən bildirilib ki, nazirliyin binada apardığı əsaslı təmir işləri nəticəsində bu qurumun iş ahəngi pozulub, QHT-lərlə əlaqələri kəsilib. MQF iddia edir ki, 13-cü mərtəbədə təmir-tikinti işləri müvafiq qaydalara uyğun aparılmadığına görə həmin yanğın baş verib.

Bildirilir ki, yanğın iyunun 30-da baş verib və rabitə xətlərinin sıradan çıxması nəticəsində hadisə ilə bağlı vaxtında KİV-lərə məlumat verilməsi mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti