Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir X.Murtuzayeva/
Vyanada avtobus sürücüsü içərisində ümumi məbləği 390 min avro olan yaddan çıxarılıb avtobusda qoyulmuş çantanı aşkar etdikdən sonra polis çağırıb. Polis öz növbəsində çantanın sahibini aşkar edərək pulları ona qaytarıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Röyters agentliyinə istinadən xəbər verib.
Volfqanq adlı sürücü avtobusun arxa oturacağında sərnişinlərdən biri tərəfindən unudulan çantanı tapıb. O, əvvəlcə çantada mağazadan alınan mal və ya dərman olduğunu zənn edib. Onu açarkən isə sürücü çantada 500 avroluq əskinaslar aşkar edir.
Polis pulların sahibini çantada tapılan ödəniş sənədlərinə görə müəyyən edir. Məlum olur ki, çantanı ahıl yaşlı bir qadın itirib. BBC-nin rus xidmətinin məlumatına görə, bu, pensiyaçının bütün həyatı boyu topladığı əmanətlər olub.
Qiymətli tapıntının sahibəsinin sürücüyə təşəkkür etməsi və onun avtobusda apardığı pulla nə etməyə hazırlaşdığı barədə məlumat verilmir. Lakin polis insaflı sürücünü dürüstlüyünə görə tərifləyib.