...

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması separatçı rejimin keçirdiyi "parlament seçkilər"i ilə bağlı etiraz bəyanatı yayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 May 2010 21:48 (UTC +04:00)
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bu bölgədə separatçı rejimin keçirdiyi "parlament seçkilər"i qanunsuz sayır
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması separatçı rejimin keçirdiyi "parlament seçkilər"i ilə bağlı etiraz bəyanatı yayıb

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir M.Əliyev/

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bu bölgədə separatçı rejimin keçirdiyi "parlament seçkilər"i qanunsuz sayır.

"Azərbaycanın erməni silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində mayın 23-də qondarma "parlament seckiləri" keçirilməsi nəzərdə tutulub. Bu "seçkilər" Azərbaycan Konstitusiyasını, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur və Dağlıq Qarabağın əzəli əhalisi olan azərbaycanlı icması üzvlərinin seçki hüquqlarını nəzərə almır" şənbə günü icmanın yaydığı bəyanatda bildirilir.

Bəyanatda qeyd olunub ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan qovulmuş azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından, bölgənin azərbaycanlı və erməni icmaları arasında dinc yaşayışın təmin olunmasından sonra keçirilə bilər.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ümidvar olduğunu bildirir ki, Ermənistanın qeyri-konstruktiv hərəkətləri beynəlxalq birlik tərəfindən kəskin şəkildə qınanılacaq, bu ölkənin işğalçı siyasətinə son qoyulması üçün ən təsirli tədbirlər görüləcək.

"Biz inanırıq ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında ədalətli həllini tapacaq, azərbaycanlı əhali öz doğma torpaqlarına qayıdacaq və bölgənin iki icması arasında dinc yaşayış təmin olunacaq" bəyanatda deyilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti