...

Ceyhun Mollazadə: Xocalı üçün imza toplamaq həmrəylik kampaniyasına çevrilməlidir (MÜSAHİBƏ)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Fevral 2013 11:44 (UTC +04:00)
ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) Amerikanın Şərq sahili üzrə müdiri, İKT sahəsində iş adamı Ceyhun Mollazadənin Trend-ə müsahibəsi
Ceyhun Mollazadə: Xocalı üçün imza toplamaq həmrəylik kampaniyasına çevrilməlidir (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir İ.İzzət/

ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) Amerikanın Şərq sahili üzrə müdiri, İKT sahəsində iş adamı Ceyhun Mollazadənin Trend-ə müsahibəsi

- Ceyhun müəllim, Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAN) təşəbbüsü ilə Ağ Evin rəsmi veb səhifəsində Xocalı qətliamının tanınması məqsədilə petisiya yerləşdirilib və "Biz Xalqıq"kampaniyası çərçivəsində imzatoplama kampaniyasına başladılıb. Bu miqyasda kampaniyanı Ağ Evin rəsmi səhifəsinə yerləşdirə bilmək və ABŞ administrasiyasının diqqətini bu kampaniyaya cəlb etmək çətin olmadı ki?

- Obama administrasiyasiyanın siyasəti ondan ibarətdir ki, amerikalılara onları narahat edən məsələlər haqqında fikir yürütmək imkanı versin. Ağ Evin rəsmi veb saytında qeydiyyatdan keçib, elektron imza atmaq imkanını tanımaqla ABŞ höküməti həmin məsələyə cəmiyyətin münasibətini öyrənir, eyni zamanda insanlar bu petisiyadan hər hansı məsələyə ABŞ prezidentinin diqqətini çəkmək üçün istifadə edirlər. Bu cür imzatoplama kampaniyalarından təkcə Amerika daxilində baş verən hadisələr deyil, dünyanın istənilən yerində baş vermiş və böyük əks səda yaratmış hadisələri ABŞ prezidendinin diqqətinə çatdrımaq üçün istifadə oluna bilər. Bu, bir növ hökümətlə xalq arasında əlaqənin virtual formasıdır və imkan verir ki, insanlar keçmişdə baş verimiş tarixi hadisəyə öz münasibətlərini bildirsinlər. Bir qayda olaraq bu petisiyalar yüz mindən çox imza topladığı halda həmin məsələyə ABŞ prezidenti öz mövqeyini bildirərək rəsmi açılqlama verir. Amrerika Azərbaycanlıları Şəbəkəsi (USAN), ö cümlədən də dünyada yaşayan azərbaycanlılar Xocalı faciəsi ilə bağlı bu vaxta qədər ən müxtəlif təbliğat üsullarından istifadə ediblər. Lakin ilk dəfədir ki, 1992-ci ildə ermənilər tərəfindən Xocalıda törədilən qırğınları Amerika rəhbərinin diqqətinə çatdırmaq və dünya ictimaiyyətinin ədalətli mövqeyini tələb etmək üçün petisiya formasına müraciət edirik.

- Nə qədər imza toplanıb və toplanan imzalar ABŞ administrasiyasına təqdim edilmək üçün kifayət edirmi?

- Çox təəssüf ki, imza toplama ləng edir. Sosial şəbəkələrdə və yeni mediada petisiyanın davamlı müzakirəsinə baxmayaraq, bu günə qədər cəmi 50 mindən bir qədər artıq imza toplanıb. Həm Şimaldan, həm də Cənubdan azərbaycanlılar MDB, Yaxın Şərq, Avropa, Şimali Amerika və dünyanın ən müxtəlif bölgələrinə səpələniblər. Biz bu imzatoplama kampaniyasının mümkün qədər sürətlə aparılmasını təmin etməliyik. Amerika Azərbaycanlıları Şəbəkəsinin Amerikanın Şərq sahilinin rəhbəri kimi mən təkcə dünyada yaşayan azərbaycanlılara yox, bütün dünya türklərinə səslənmək istəyirəm. Xocalı faciəsi iyirminci əsrin sonlarında baş vermiş ən böyük insan faciələrindən biridir və hamımızın ağrısıdır. Üstəlik, Azərbaycan torpaqları hələ də işğal altındadır. Bu gün regionda Azərbaycana düşmən olan qüvvələr isə gərginliyi gücləndirməyə davam edir. Bütün bunları nəzərə alsaq, Xocalıya imza toplamaq bir növ həmrəylik kampaniyasına çevrilməlidir. İndi söz yox, əməl vaxtıdır. İmzasını vermiş bütün soydaşlarımıza minnətdarıq. Amma bu kifayət deyil. Yaxın vaxt ərzində 100 mini keçməliyik.

- Sosial şəbəkələrdə Xocalıya imzatoplama kampaniyasında yalnız ABŞ vətəndaşlarının iştirak edə biləcəyi barədə söhbətlər gəzir. Bu doğrudurmu?

- Bu, tamamilə əssasız fikirdir. Bu petisiyada milliyətindən və dinindən asılı olamayaraq istənilən ölkənin vətəndaşı iştirak edə bilər. İmza vermək üçün hər kəs email ünvanını göstərməklə öz adına hesab açmalıdır. Bir dəfə hesab açmaqla gələcəkdə Ağ Evin rəsmi veb səhifəsində yer alacaq bütün petisiyalarda iştirak etmək mümkündür. "Biz xalqıq" adı altında başladılan Xocalıya imzatoplama hamımızın kapmaniyasıdır və hamını fəal olmağa səsləyirəm.

- Amerikalılar dünyanın digər yerlərində baş verənlərə çox maraq göstərməyən və öz daxili problemlərinə köklənmiş cəmiyyətdir. Amma eyni zamanda amerikalılar insan faciələrinə biganə qala bilməyən toplumdur. Amerikada yaşayan bir insan kimi deyə bilərsizmi, bəs sadə amerikalılar Xocalı faciəsi haqqında nə bilir?

- Təəssüflər olsun ki, sıravi amerikalılar arasında Xocalı faciəsi ilə bağlı məlumatlar çox azdır. Uzun illər Qafqaz bölgəsi və keçmiş Sovetlər məkanını sadə amerikalılar hələ də sadəcə Rusiya kimi tanıyırdılar. Yalnız son bir neçə ildə ABŞ mətbuatında Azərbaycanın enerji resurlarına, Gürsüstan-Rusiya müharibəsinin getdiyi dövrlərə və ümumiyyətlə bu regiona maraq artıb. Sözsüz ki, Amerikada apardığımız iş nəticəsində sıravi insanlara bu faciə haqqında çoxlu məlumatlar verir, mənbələr göstəririk. Erməniləri zəlzələ və ötən əsrlərdəki qırğınların qurbanı kimi tanıyan bəzi amerikalılar İnternetdən məlumat toplayaraq əsl həqiqəti biləndə uydurma erməni obrazından dəhşətə gəlirlər. Şükürlər olsun ki, bu gün Amerikada Odri Alştabd, Castin Makkarti kimi tarixçilər o dövrün həqiqətləri haqqında kitablar çap edirlər. Bu gün internetin köməyi ilə ayrı-ayrı amerikalılar regionla bağlı fərdi araşdırmalar aparıb Qarabağda baş verənləri öyrənilrər. Bəli, amerikalılar öz daxili məişət gündəminə köklənmiş cəmiyyətdir. Lakin buna baxmayaraq, bu gün Amerikada xarici siyasətlə fəal şəkildə maraqlanan bir çevrə var; diplomatiya, kəşfiyyat və hərbi sahədə çalışan amerikalılar arasında Xocalı faciəsi haqqında məlumatı olan çoxlu insanlar var.

- Amerikadakı Azərbaycan diasporunun öz səsini eşitdirə bilmək və hadisələrə təsir etmək imkanlarının səviyyəsini və gücünü on il əvvəlki ilə müqayisə etsək bu günkü diasporanın nüfuzu hansı səviyyədədir?

- Mən 1992-ci ildən Amerikadayam. Müxtəlif diaspora fəaliyyəti ilə məşğul olmuşam və bu fəaliyyətimi indi də davam etidirirəm. İyirmi il əvvəl ilk dəfə Amerika siyasi dairələrindəki insanlarla tanış olarkən şahidi olmuşdum ki, əksəriyyətində Azərbaycan haqqında işğalçı dövlət təsəvvürü var idi. O vaxtılar tanış olduğum bir konqresmenə xəritədə Azərbaycanın yerini göstərib Ermənsitan tərəfindən işğal olunmuş ərazilərimzdən danışanda Azərbaycanın mövqeyini müdafiə edə bilməkdən ötrü həqiqəti öyrəndiyi üçün səmimi şəkildə sevinmişdi. O zamanlar vəziyyət həqiqətən də belə idi. Artıq bu gün, üstündən iyirmi il keçəndən sonra Amerikanın diplomatik və kəşfiyyat dairələrinin Azərbaycan həqiqətləri və Ermənistanın işğalçı siyasətinin arxasında hansı qüvvələrin dayanması haqqında yetərincə məlumat və doğru təsəvvür var. Bu gün Amerikanın universitetləri və araşdırma mərkəzlərində Xəzər bölgəsini öyrənən peşəkarlar əsl həqiqətləri bilir. Yeganə problem odur ki, Amerikadakı erməni diasporu bəzi senator və kongresmenlərin səsvermə kampaniyaları üçün vəsaitlər toplayır və təsir qüvvələrinə malikdirlər. Amerikada elə siyasətçilər var ki, hələ də Amerika ermənilərinin səsinə arxalanır. Onların rəyini dəyişmək çox çətindir, bəzən isə mümkün deyil. Lakin Amerikanın milli və strateji maraqlarını düşünən, milli təhlükəsizlik konsepsiyasını əsas götürən siyasətçilərin də sayı çoxdu. Vaxtilə biz tez-tez informasiya blokadasında olmağımızdan danışırdıq. Əslində bu, informasiya blokadası məsələsi deyildi, sadəcə olaraq qarşı tərəf çox effektiv və davamlı iş aparırdı. Nahaqdan deməyiblər ki, yalanın ömrü qırx gün olar. Hesab edirəm ki, əgər iyirmi il əvvəl erməni lobbisinin təbliğat maşını yüz faizlik gücü ilə işləyirdisə, bu gün əvvəlki gücə sahib deyil. Artıq Azərbaycan lobbisi informasiya ilə necə işləməyin qaydalarını öyrənib. Təsadüfi deyil ki, bu yaxınlarda Nyu-Meksiko ştatının Senatı da Xocalıda azərbaycanlıların qətlə yetirilməsi faktını tanıdı. Bundan əvvəl Texas və Massaçusets ştatları da Xocalı soyqırımını tanımaları barədə qətnamələr qəbul etmişdilər. Biz Kaliforniya, Massaçusets, Nyu-Cersi, Miçiqan ştatlarında ermənilərin çoxluq təşkil etdiyi seçici dairələrindən seçilmiş ermənipərəst senatorlar və siyasətçilərlərlə də görüşürük, haqsız anti-azərbaycan mövqelərinə görə onları qınayırıq. Bu gün Amerikanın daxilində Azərbaycanla Amerika münasibətlərini pozmaqda maraqlı olan qüvvələr, etnik qurplar var və Azərbaycan haqqında mənfi rəy formalaşdırmaqla məşğuldurlar. Uzun illərdir ki, Amerika-Azərbaycan cəmiyyətləri, Azərbaycanın ABŞ-dakı səfirliyi anti-Azərbaycan fəaliyyətlərinə qarşı böyük müqavimət göstərib mübarizə aparırlar. Etiraf etmək lazımdır ki, azərbaycanlıların Amerikadakı diasporu böyük deyil. Lakin bizim müttəfiqlərimiz var. Bunlar Amerika türkləri və yəhudi təşkilatlarıdır.

- Ermənilərin Xocalı şəhərində inşa etdikləri "Xocalı" aeroportunun işə salınacağı təqdirdə Azərbaycan işğal edilmiş əraziləri üzərindən uçacaq təyyarəni vurmaq haqqında rəsmi mövqeyini bildirib. Sizcə Xocalı aeroportu ətrafındakı gərginlik regional konflikti yenidən qızışdıra bilərmi?

- Ermənistan və onu dəstəkləyən qüvvələr mümkün olan hər vasitə ilə çalışırlar ki, Azərbaycandakı iqtisadi dirçəlişi və ümümi inkişafı geriyə çevirsinlər. Azərbaycandakı rifah, iqtisadi inkişaf və dünya dövlətləri ilə uğurlu münasibətlər bizə düşmən olan qüvvələrə rahatlıq vermir. Aeroport provokasiyası da bu qəbildəndir. Mümkün deyil ki, Ermənistan bölgədə həm Moskva, həm də Tehranla əlbir olub beynəlxalq normaları istədiyi şəkildə pozsun, Qərb isə buna heç bir reaksiya verməsin. Bir vaxtlar Azərbaycan ərazilərində etnik təmizləmələr aparan şəxslər bu gün Ermənistan rəhbərliyində oturublar. Sivil dünyanın bu məsələyə ciddi, sərt və konkret münasibət bildirməyinin vaxtı gəlib çatıb. Vaxtilə Serbiyadakı etnik təmizləmələrə Qərbin ədalətli münasibəti necə olmuşdusa, Ermənistana da eyni münasibət göstərilməlidir. Ermənistana deyilməlidir ki, sən Azərbyacanın ərazisini boşaltmalısan və Azərbaycanın hava məkanını poza bilməzsən. Mesajlar çox sərt olmalıdır. Dava etmiş iki uşağı barışdırmağa bənzəyən siyasət kökündən dəyişməlidir. Beynəlxalq hüquq pozulub, böyük bir ərazi işğal olunub, dağıdılıb və dünya hələ də deyir ki, olan olub, keçən keçib, barışın. Bu cür siyasətin gələcəyi yoxdur. Məhz bu siyasət iyirmi ildən çoxdur ki, Ermənistanın xeyrinə işləyir. Ermənistan mütləq beynəlxalq təzyiqi hiss etməlidir. Hava məkanı pozulacağı təqdirdə isə Azərbaycanın sərt reaksiya göstərməyə tam haqqı var. Bu gün biz nail olmalıyıq ki, dünyadakı bütün Azərbaycan icmaları birləşərək təbliğat və diplomatik yol ilə Ermənistanın özbaşına hərəkətlərini ifşa etsin.

- Amerika Azərbaycanlıları Şəbəkəsi virtual statusundan çıxaraq yeni genişlənmə mərhələsinə keçib. Yeniliklər nədən ibarətdir?

- Həqiqətən də bu şəbəkə qurularkən Amerikada yaşayan soydaşlarımız arasında virtual əlaqə, fikir mübadiləsi, kampaniyalar keçirmək, təbliğat aparmaq məqsədilə yaradılmışdı. Amerika Azərbaycanlıları Şəbəkəsinin təşkilatçıları ilk dəfə olaraq internet texnologiyasından istifadə edərək virtual lobbiçilik məqsədi ilə xüsusi portal yaratdı və Azərbaycanla bağlı hadisələri Amerikada təbliğ etmək üçün geniş məktublaşma və imza kampaniyaları təşkil etməyə başladı. Bu günə qədər Şəbəkə Azərbaycanın işğal olunmuş bütün rayonları ilə bağlı bəyanatları həmin portal vasitəsilə Ağ evə, Kongres üzlərinə, senatorlara çatdırıb. Bu, diaspora işində yeni üsuldur. Amerikada müxtəlif lobbi təşkilatları, icmalar və dərnəklər var və hər biri də effektiv iş təcrübəsinə malikdir. Lakin informasiya texnologiyaları əsasında qurulmuş portal vasitəsi ilə işləyən təşkilat hələlik Amerika Azərbaycanlıları Şəbəkəsidir. Bu yaxınlarda təşkilatın İdarə Heyətinin qərarı ilə Şəbəkənin Vaşinqtonda qərargahını açdıq. Artıq qərargaha Amerika vətəndaşı olan və beynəlxalq hüquq təhsili almış icraedici rəhbər də təyin etdik. Onun işi regionla bağlı dövlət tədbirlərində, konfrans və siyasi yığıncaqlarda, təbliğat mərasimlərində iştirak etmək, mətbuatla əlaqələri genişləndirməkdən ibarətdir. Bizim yetərincə peşəkar komandamız var. Onlar ABŞ-da təhsil almış gənc azərbaycanlılardır. Bu gün Amerikada Adil Bağırov, Tərlan Əhmədov, Bədir Məmmədli, Yusif Babanlı kimi gənclərimizin simasında Azərbaycan diasporunun yeni nəsli böyüyür. Bu gün onlar Azərbaycan həqiqətlərini Amerika administrasiyasından başqa ABŞ-dakı araşdırma mərkəzləri, qeyri-hökumət təşkilatları, universitetlər və mətbuatla əlaqələri genişləndirərək diaspora işimizi daha da gücləndirəcəklər.

Ağ Evin rəsmi veb səhifəsində "Biz Xalqıq" kampaniyası çərçivəsində Xocalı üçün imza vermək qaydası:

1-ci ADDIM https://petitions.whitehouse.gov/petition/pay-close-attention-nagorno-karabakh-conflict-20-azerbaijan-territory-was-occupied-armenian-military/mkKddcRt linkinə girisiniz və CREATE AN ACCOUNT (yuxarı sağ küncdə) tıklayırsınız və email adresinizi və özunuz haqqında məlumatı gostərilən ardıcıllıqla sistemə daxil edirsiniz və CREATE tıklayırsınız. 2 dəqiqə ərzində sizin email adresinizə 10 simvoldan ibarət məxfi söz, yeni PASSWORD göndərilicək. Bundan sonra siz yuxaridakı LİNKİN yenə sağ yuxarı küncündə LOG İN yazıb tıklayırsınız və email adresinizi 1-ci qrafaya və emailinizə göndərilmiş məxfi sğzü 2-ci qrafaya yazıb LOG İN edirsiniz.

2-ci ADDIM LOG İN edib hesabınıza daxil olduqdan sonra buhttps://petitions.whitehouse.gov/petition/pay-close-attention-nagorno-karabakh-conflict-20-azerbaijan-territory-was-occupied-armenian-military/mkKddcRt LİNKƏ yenidən girirsiniz və SİGN THİS PETİTİON yazısını tıklayırsınız və bununla da İMZA vermiş olursunuz!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti