...

QAT beynəlxalq təşkilatlar və bəzi dövlətləri xristian təəssübkeşliyində ittiham edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyul 2007 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın işğal olunmuş ərazisində yaradılan qondarma rejimin keçirdiyi seçki oyunundan dərhal sonra Böyük Britaniya Lordlar Palatasının vitse-spikeri baronessa Kerolayn Koksun ora səfər etməsi aparılan sülh danışıqlarının və "xalq diplomatiyası"nın heç bir perspektivi olmamasını göstərir. Bu fikirlər Qarabağ Azadlıq Təşkilatının (QAT) çərşənbə günü yaydığı bəyanatda deyilir.

QAT hesab edir ki, işğalçı Ermənistan danışıqları uzatmaqla vaxt qazanmağa, "xalq diplomatiyası" mexanizmini işə salmaqla işğal faktını unutdurmağa çalışır. Bu niyyətin reallaşması üçün Ermənistan beynəlxalq təşkilatların himayəsindən yararlanır: "QAT hesab edir ki, beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin xristian təəşübkeşliyindən çıxış edərək "xalq diplomatiyası" adı altında ermənilərin niyyətlərinə xidmət etmək cəhdlərinin qarşısı alınmalıdır. Azərbaycan hakimiyyəti Dağlıq Qarabağa səfər edən şəxslərin təmsil etdiyi dövlətlərdən cavab tələb etməlidir. Azərbaycanlı ziyalılar isə başa düşməlidirlər ki, onların Dağlıq Qarabağa səfərinin nəticəsində baronessa Koks kimi adamların sayı artır və onlar daha həyasız addımlara əl atırlar" - deyə bəyanatda vurğulanır.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti