...

"Bizim Azərbaycan" bloku Seçki Məcəlləsinin dar çərçivədə müzakirə olunmasına etiraz edir

Siyasət Materials 4 Oktyabr 2007 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Bizim Azərbaycan" bloku Avropa Şurası Venesiya Komissiyası və Azərbaycan hökumətinin Seçki Məcəlləsini dar çərçivədə müzakirə etməsini pisləyir. Bu barədə cümə axşamı blokun təşkilatçılığı ilə keçirilən Dəyirmi masada açıqlama verilib.

"Bizim Azərbaycan" blokuna daxil olan partiyalar hesab edir ki, Seçki Məcəlləsinin müzakirələrində bütün müxalifətçi qüvvələr iştirak etməlidir. Onların mövqeyinə görə, seçki qanunvericiliyinə dair yalnız hakimiyyət və cəmi bir neçə müxalifət partiyasının fikirlərinin nəzərə alınması demokratik prinsiplərə uyğun gəlmir.

"Bizim Azərbaycan" bloku təklif edir ki, müxalifətin seçki komissiyalarında nümayəndələri ümummüxalifət toplantısı vasitəsilə müəyyənləşdirilməlidir. "Bu yolla seçkilərdən sonra siyasi qüvvələrin hakimiyyətlə separat danışıqlara getməsinin qarşısı alınar və müxalifətçi komissiya üzvləri daha ciddi məsuliyyət hiss edərlər" - deyə Dəyirmi masanın qəbul etdiyi bəyanatda deyilir.

Gələn ay Bakıda Seçki Məcəlləsinin müzakirəsinə həsr olunmuş toplantı keçiriləcək. Venesiya Komissiyasının nümayəndəsi Serqey Kuznetsov Trend ə bildirib ki, həmin müzakirələrə Azərbaycanda parlament seçkilərində (2005-ci il) iştirak etmiş bütün partiyalar dəvət olunacaq.

Müxalifətyönlü "Bizim Azərbaycan" blokunda təmsil olunan səkkiz partiya parlament seçkisində blok və ya partiya şəklində iştirak etməyib.

Xəbər lenti

Xəbər lenti