...

Əsas məsələ türkdilli dövlətlərin bir məqsəd uğurunda mübarizəsini təmin etməkdir -Prezident Aparatının rəsmisi

Siyasət Materials 17 Noyabr 2007 12:14 (UTC +04:00)
Əsas məsələ türkdilli dövlətlərin bir məqsəd uğurunda mübarizəsini təmin etməkdir -Prezident Aparatının rəsmisi

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Hazırda əsas məsələ türkdilli dövlətlərin və cəmiyyətlərin bütün imkanlarını bir məqsəd uğurunda mübarizəyə səfərbər etməkdən ibarətdir. Bu barədə şənbə günü jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

"Bakıda keçirilən qurultay buna nail olmaq baxımından çox mühüm tədbirlərdən biridir", -deyə Prezident Aparatının rəsmisi əlavə edib.

Bu gün Bakıda Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı başlayıb. Qurultayda 30 ölkədən 550 nəfərədək qonaq, həmçinin Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, türkdilli dövlətlərin yüksək hökumət nümayəndələri iştirak edirlər.

Ümumilikdə qurultayda 1150 nəfər iştirak edir.

Qurultayda Dağlıq Qarabağ münaqişəsi, Şimali Kiprin beynəlxalq təcriddən çıxarılması, İraq və Əfqanıstanda yaşayan türkdilli xalqların vəziyyəti, Ahıska türklərinin vətənə qayıdışındakı problemlər barədə müzakirələr aparılacaq.

Qurultay çərçivəsində 6 komissiya fəaliyyət göstərəcək.

XI qurultaya Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Monqolustan, Türkiyə və Azərbaycandan, Rusiyanın Altay, Başqırdıstan, Çuvaşıstan, Dağıstan, Kabardin-Balkar, Tatarıstan, Qaraçay-Çərkəz respublikalarından, Krım, Rumıniya, Bolqarıstan, Kosovo və Yunanıstanın Qərbi Trayka bölgəsində yaşayan türkdilli xalqların nümayəndələri, Kumık, Noqay, Şimali Kipr, Qaqauz, Ahıska türkləri qatılıblar.

Qurultayın məqsədi türk dövlət və cəmiyyitləri arasında dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, onlar arasında informasiya mübadiləsini və bir-birlərini daha yaxından tanımalarını təmin etmək, türk mədəniyyətinin zənginliklərini təbliğ etmək, iqtisadi inkişaf sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirən tədbirlər görmək və türk xalqlarının ümumi problemlərinin həlli yollarını birlikdə araşdırmaqdır.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirmişdi ki, XI qurultayın keçirilməsinə Azərbaycan prezidentinin ehtiyat fondundan bir milyon manat vəsait ayrılıb.

Bu qurultay çox uğurlu və mühim tədbirlərdən biridir.

Novruzov qeyd edib ki, qurultayda türk dövlətlərinin vahid birliyinin yaradılması məsələsinin müzakirə olunması real deyil: "Türkdilli dövlətlər və cəmiyyətlər öz yolları ilə getməlidirlər. Bu yolda nələrin daha vacib olduğunu belə böyük tədbirlər müəyyənləşdirəcək. Türkdilli dövlətlərin birliyinin yaradılması məsələsində qeyri-adi heç nə yoxdur. Çünki dünyada Britaniya Birliyi, Fransızların Frankopiya təşkilatı var".

Türk dilindən və əlifbasından ümumi danışıq üçün istifadə olunması məsələsinə gəlincə, Prezident Aparatının rəsmisi bildirib ki, bunu cəmiyyətlərin özləri tənzimləməlidirlər: "Hər hansı bir dildən istifadə etmək lazımdır və bu, yaxşı haldır. Ehtiyac olanda cəmiyyətlər özləri bu addımı atacaqlar".

Xəbər lenti

Xəbər lenti