...

Azərbaycan cəmiyyəti müxalifətin ciddiliyinə inanmır - hakim partiyanın sədr müavini

Siyasət Materials 16 Aprel 2008 16:20 (UTC +04:00)
Azərbaycan cəmiyyəti müxalifətin ciddiliyinə inanmır - hakim partiyanın sədr müavini

Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbr Q.Cəbiyev/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədovun Trend a müsahibəsi

- Azərbaycanda prezident seçkisi ilinin 3 aydan artıq dövrü arxada qalıb. Hakim partiyanın seçkilərə hazırlığı hansı səviyyədədir?

- YAP-ın bütövlükdə fəaliyyəti partiyanın seçkilərə hazırlığı ilə bağlıdır. Hətta 2007-ci ilin sonlarından başlayaraq proqrama uyğun şəkildə prezident seçkilərinə hazırlaşırıq. Artıq bu hazırlığın əhəmiyyətli bir mərhələsinə daxil olmuşuq. Doğrudur, seçkilər oktyabrın ortalarında keçiriləcək və müəyyən mənada seçkilərə kifayət qədər vaxt var. Amma YAP-ın fəaliyyətinin əsasında dayanan bir məntiq var. Bu da ondan ibarətdir ki, prezident seçkilərinin uğurla keçirilməsi üçün hərtərəfli hazırlıq işləri aparılarsa, qarşıya qoyulan məqsədə daha yaxşı nail olmaq mümkündür. İndiki halda seçicilərin öyrənilməsi, seçki proqramımızın həyata keçirilməsi üçün daha uğurlu taktikanın seçilməsi üçün araşdırmalar aparırıq. Seçkidə uğurun təmin edilməsi üçün bir neçə şərt var. Bunun ən birincisi namizəddir. Bu mənada YAP-ın seçkini uğurla başa vurması üçün hər hansı problem mövcud deyil. YAP-ın sədri, prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları kifayət qədər sevindiricidir. Azərbaycan vətəndaşları onun fəaliyyətini yüksək qiymətləndirirlər. Beləliklə, prezident seçkilərində İlham Əliyevin namizədliyi vətəndaşlarımızın əksəriyyəti tərəfindən dəstəklənə biləcək şansa malikdir. İnsani resurs məsələsinə gəldikdə isə prezident seçkilərinə qədər bizim partiyamızın üzvlərinin sayı 450 minə çatacaq. İnanırıq ki, bu rəqəmi əldə edəcəyik. Təşkilati baxımdan da YAP-ın heç bir problemi yoxdur. YAP malik olduğu samballı resursları prezident seçkilərinin uğurla keçirilməsinə səfərbər edəcək. Seçki kampaniyasına artıq tam hazırıq. Seçki kampaniyası dövründə heç bir partiyaya məxsus ola bilməyəcək kampaniya həyata keçirəcəyik.

- Müxalifət YAP-ın seçki platformasına alternativ platforma qoya bilərmi?

- Azərbaycanın siyasi həyatını səciyyələndirməyə çalışsaq, etiraf etmək lazımdır ki, bütövlükdə YAP-ın ideya dominantlığı hökm sürməkdədir. Burada söhbət bunun bizim istəyimiz nəticəsində baş verməsindən daha çox, opponentlərimizin cəmiyyətə təqdim edə biləcəyi ideyaların zəifliyi ilə bağlıdır. Bundan öncə keçirilən seçkilərdə də müxalifətin iqtidarı tənqid etməkdən savayı səmərəli, rassional proqram ortaya qoymasının şahidi olmamışıq. Etiraf etmək lazımdır ki, bütün seçki kampaniyalarında opponentlərimizin bizə qarşı istifadə etdiyi yeganə məsələ bizi tənqid etmək olub. Bu tənqidin əsaslarının olub-olmadığı ayrı söhbətdir. Bir sıra hallarda onlar bizi tənqid etməkdən ötrü Azərbaycanın reallığını təhrif etməkdən belə çəkinməyiblər. Gerçəkliyi təhrif etməklə, görülən işlərin üzərindən xətt çəkməyə cəhd edərək tənqid etməyə çalışıblar. Özlərinin seçki platformasının qayəsini də yalnız bunda görüblər. Digər səmərəli yanaşma tərzi ortaya qoyulmayıb. İstər xarici siyasət, istər regional siyasət, istər daxili siyasət, istərsə də iqtisadi-sosial siyasət sahəsində fərqli proqram təqdim olunmayıb. Eyni mənzərəni 2008-ci il prezident seçkisi kampaniyası dövründə də müşahidə etməkdəyik. Biz müxalifətdən fərqli olaraq, elan olunmuş konkret proqramlarla, vəzifələrlə seçkilərə gedirik. Cəmiyyət bizim növbəti mərhələdə hansı töhfələr verə biləcəyimizi müəyyənləşdirib. Düşünürəm ki, müxalifətçilik yalnız iqtidarı tənqid etməkdən ibarət olmamalıdır. Baxmayaraq ki, müxalifətçiliyin vəzifələrindən biri də budur. Müxalifətçilik daha çox alternativ strategiyanın, proqramın müəyyənləşdirilib irəli sürülməsindən ibarətdir. Tənqidçilik müxalifətçilik deyil. Yalnız tənqid əsasında heç bir partiya özünü təsdiq edə bilməz. Müxalifət tərəfindən hakimiyyətin həyata keçirdiyi siyasətdən fərqlənən uğurlu siyasət ortaya qoyulmayıb. Müxalifət özünün mahiyyətini iqtidarı tənqid etməkdə görür. Ona görə də Azərbaycan cəmiyyəti müxalifətin ciddiliyinə inanmır. Bunun üçün cəmiyyətin əlində kifayət qədər əsaslar var. Bütün sadalanan səbəblər üzündən müxalifətin elektoratı, tərəfdarları yoxdur. Müxalifətin istinad edə biləcəyi yalnız narazılardır. Təbiidir ki, hər bir cəmiyyətdə narazılar olur. Vaxtilə Azərbaycanda işsizlik daha geniş miqyas almışdı. Bu, müxalifətin ətrafına toplaya biləcək insanların sayını artıra bilirdi. İndi işsizlik problemi demək olar ki, həll olunub. Deməli, işsiz olduğuna görə narazı qalanların sayı azalıb. Bunun nəticəsində müxalifətin ətrafına toplaya biləcəyi insanların sayı əhəmiyyətli dərəcədə azalıb. Vaxtilə müxalifətin özünə elektorat saydığı insanlar indi onların elektoratı deyil. Narazılar heç bir partiyanın elektoratı olmur. Narazı bu gün narazıdır, amma sabah problemi həll olunduqdan sonra narazı deyil. Qarşıdan gələn prezident seçkilərində bizim irəli sürəcəyimiz proqrama alternativ proqramın irəli sürüləcəyinə dair hər hansı bir element yoxdur və bundan sonra da olacağına inam yoxdur. Cəmiyyət seçkidə bir daha əmin olacaq ki, müxalifətin təqdim edə biləcəyi səmərəli ideyaları yoxdur.

- Hər halda müxalifət ölkədə etiraz aksiyasının keçirilməsi üçün əsaslar olduğunu bildirir. Artıq seçkidə iştirak edəcək Müsavat Partiyası gələn ay belə bir aksiya keçirmək barədə qərar verib.

- Müxalifət etiraz aksiyası keçirmək gücündə olsaydı, bu aksiyanı keçirərdi. 2003-cü il prezident və 2005-ci il parlament seçkilərindən sonra az və ya çox sayda insanların iştirakı ilə aksiyaların keçirilməməsinin kökü ondan ibarətdir ki, insanlar bu aksiyalara qoşulmaq istəmirlər. Müxalifət insanların əhəmiyyətli hissəsinin iştirak edəcəyi aksiya keçirmək iqtidarında olsaydı, çoxdan bunu etmişdi. Müxalifət tərəfindən aksiyaların keçirilməməsinin səbəbi onda deyil ki, hakimiyyət orqanları bunun üçün şərait yaratmır. Bunlar hamısı bəhanələrdən başqa bir şey deyil. Əsas səbəb odur ki, insanlar müxalifətin çağırışı ilə aksiyalara qoşulmaq niyyətində olmadıqlarını göstəriblər. Son dövrlər müxalifətin keçirdiyi aksiyalara həddən artıq az sayda insan qatılıb. İndinin özündə də müxalifət aksiyaların keçirilməsi barədə daha çox danışmaqla məşğuldur. Yəni, bu istiqamətdə addım atmırlar. Səbəbi isə odur ki, reallığı dərk edirlər. Aksiya keçirmək üçün yetərli sayda tərəfdarları olmadığına görə bəhanələr irəli sürülər.

- Müxalifətin narazı qaldığı əsas məsələlərdən biri seçki qanunvericiliyidir. Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin hazırlandığını nəzərə alsaq, seçki komissiyalarının tərkibinin dəyişəcəyini gözləmək olarmı?

- Müxalifət partiyaları çox qəribə məntiqlə çıxış edirlər - iqtidar onların seçkidə iştirakı üçün imkan yaratmalıdır. Az qalır desinlər ki, hakimiyyət onların seçkidə qalib gəlməsi üçün şərait yaratmalıdır. Bu, olduqca qəribə məntiqdir. Belə çıxır ki, iqtidar müxalifətin qalib gəlməsi üçün onlara imkan yaratmalıdır. Məgər bu, YAP-ın borcudur? Yaxud, kiminsə yarışda qalib gəlməsi üçün rəqib tərəf ona imkan yaratmalıdır? Bu qəribə məntiq onların bütün bu məsələlərə nə qədər qeyri-ciddi yanaşdıqlarını göstərir. Əgər müxalifət partiyaları cəmiyyəti özlərinin haqlı olduğuna inandıra bilsəydilər, kiminsə seçkidə qələbə qazanmaq üçün şərait yaratmasına ehtiyac qalmazdı. 1993-cü ildə YAP-ın hakimiyyətə gəlməsi üçün o zaman hakimiyyətdə olan qüvvələr şərait yaratmışdılar? Bu imkanı Xalq Cəbhəsi, yoxsa Müsavatmı yaratdı? Onlar bizə ağuşlarını açıb qərargahmı vermişdilər? Yaxud meydanlarmı təklif edirdilər ki, gəlin, aksiyalarınızı keçirin? Hesab edirəm ki, bundan səmərəsiz bir yanaşma olmaz ki, müxalifət partiyası iqtidarda olan partiyadan hakimiyyətə gəlməsi üçün şərait yaratmağı tələb edir. Konkret olaraq seçki qanunvericiliyinə gəldikdə isə bu müxalifətin məntiqinin digər bir aspektidir. Qanunvericilik seçkidə iştirak edən bütün partiyalar üçündür. Qanunvericilikdə YAP üçün bir, müxalifət üçün isə başqa bir normalar yoxdur. Bu normalar bütün siyasi qüvvələr üçün eynidir. Müxalifətin əsas niyyəti seçki komissiyalarında özlərinə uyğun mövqe əldə etmək hesabına seçkinin nəticələrini özlərinin maraqlarına uyğun təmin etməkdir. Bu, qeyri-demokratik bir yanaşmadır. Bir faktı da nəzərinizə çatdırım. 1992-ci ildə Azərbaycanda bir prezident seçkiləri, 93-cü ildə isə məlum səbəblərlə əlaqədar başqa bir prezident seçkiləri keçirildi. Hər iki seçkini eyni seçki komissiyaları təşkil etmişdi. Bugünkü müxalifət 92-ci ildəki seçkilər onu təmin etdiyi üçün həmin komissiyaları dəstəkləyir. 93-cü ildə keçirilən seçki Heydər Əliyevin qələbəsi ilə nəticələndiyinə görə isə prosesi düzgün saymırlar. Necə ola bilər ki, eyni qanunvericiliklə keçirilən seçkilərin biri düzgün, digəri isə saxta olur? Deməli, müxalifət sadəcə olaraq o seçkini qəbul etmək istəyir ki, nəticə onları təmin etsin. Seçki komissiyalarının tərkibinin dəyişdirilməsi ilə bağlı qaldırılan səs-küylərin arxasında duran məqsədin əsl mahiyyəti seçkini pozmaqdır. Bu gün mövcud olan komissiyalar ən rassional formatdır. Komissiyalarda müxalifət, hakimiyyət qüvvələri və bitərəflər təmsil olunur. Belə formatın yaradılması zərurətdən irəli gəlib. 2000-ci ildə müxalifətin indi tələb etdiyi paritet formasında komissiyalar formalaşmışdı. Amma müxalifət MSK-ya öz nümayəndələrini göndərmədiyinə görə paritet əsasda formalaşan komissiyalar fəaliyyətə başlaya bilmədi. Nəticədə seçkinin iflic vəziyyətə düşmək təhlükəsi yarandı. Müxalifət pariteti ancaq ona görə müdafiə edir ki, bu şansdan istifadə edərək seçkini pozsun. İndiki formatda nə YAP, nə müxalifət, nə də bitərəflər seçki komissiyalarının işini iflic edə bilməz. Burada o vəziyyəti yarada biləcək paritet yoxdur. Paritetin əleyhinə yalnız ona görə çıxırıq ki, bu məsələdə seçki komissiyalarının işini iflic vəziyyətə salmaq niyyəti aydın şəkildə görsənir. Seçki komissiyalarının tərkibini dəyişmək üçün heç bir ciddi əsas yoxdur. Seçkinin taleyini komissiya yox, insanların rəyi həll edir. Tarix göstərib ki, insanların rəyi nəzərə alınmadan komissiyalar hesabına seçkidə uğur əldə etmək istəyən partiyalar iflasa uğrayıblar. Necə ki, Azərbaycan müxalifəti bu kontekstə üstünlük verdiyinə görə iflasa uğrayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti