...

Azərbaycan Prezidenti su təchizatı, meliorasiya, irriqasiya və kanalizasiya sistemlərinin inkişafı ilə bağlı layihələrə dair iclas keçirilmişdir

Siyasət Materials 29 Aprel 2008 22:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel / Trend / Azərbaycan Prezidenti İlham Əliyevin su təchizatı, meliorasiya, irriqasiya və kanalizasiya sistemlərinin inkişafı ilə bağlı layihələrə dair iclas keçirilmişdir.

Dövlət başçısı ölkəmizin son illərdə sürətli inkişafı nəticəsində iqtisadi potensialın iki dəfə çoxaldığını, büdcə xərclərinin ilbəil artdığını xatırladaraq dedi ki, bütün bunlar nəhəng infrastruktur layihələrinin həyata keçirilməsinə imkan verir. Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunduğunu, bu sahədə ixrac potensialının da artdığını, qazlaşdırma prosesinin sürətlə getdiyini və əhalinin 80 faizinin mavi yanacaqla təmin edildiyini vurğulayan Prezident İlham Əliyev yolların çəkilməsi və əhalinin su təchizatının yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərin də xüsusi əhəmiyyət daşıdığını söylədi. İndi paytaxt əhalisinin 40 faizinin suyu fasilələrlə aldığını deyən dövlətimizin başçısı bildirdi ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi uğurla davam edir və onun istismara verilməsindən sonra Bakıda su problemi həll ediləcəkdir. Bölgələrin də su təchizatı diqqət mərkəzindədir. İndiyə qədər 50 kənddə modul qurğular quraşdırılıb və insanlar həmin qurğularda təmizlənən sudan istifadə edirlər. Növbəti mərhələdə daha 50 kənddə bu cür qurğular quraşdırılacaq, beləliklə, 700 min nəfər təmiz içməli su ilə təmin olunacaqdır. Samur-Abşeron kanalının, Taxtakörpü su anbarının tikintisi də davam edir və bu layihələr ölkəmiz üçün qlobal əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinin vacibliyindən də danışdı.

Xəbər lenti

Xəbər lenti