Əfqanıstan, Kabil, 27 sentyabr / Trend , A.Həkimi / Əfqanıstan Milli Birlik Şurasının keçmiş sədri Əhməd Ziya Rəfət bildirib ki, Amerika və İngiltərə Əfqanıstanda terroristləri dəstəkləyir, regionda öz strateji maraqlarına nail olmaq istiqamətində oyunlar aparırlar.
Rəfət Trend -un Kabildəki müxbirinə bildirib ki, Taliban qrupu və terrorist dəstələr əslində Qərbin, xüsusilə Amerika və İngiltərənin regionda öz maraqlarına nail olmaları üçün yaradılıb.
Onun sözlərinə görə, Əfqanıstanda terrorizmə qarşı mübarizə və təhlükəsizliyin təmin edilməsi məsələsi NATO və koalisiya qüvvələrinin vəzifəsidir. "Reallıqda Əfqanıstan və "qonşuları" Qərbin, xüsusilə ABŞ və İngiltərənin terrorizmə qarşı mübarizədə ikili siyasətindən narahatdırlar", - deyə o bildirib.
Rusiya bəyan edib ki, əgər Amerika və NATO Əfqanıstanda terrorizmə qarşı mübarizə adı altında başqa məqsədlər arxasınca gedərsə, Rusiyanın sərt reaksiyası ilə üzləşəcək.
Bəzi ekspertlər Taliban qiyamçılarının yenidən güclənməsini Amerika və İngiltərədən dəstək almaları ilə izah edirlər.
Amerika hərbçilərinin Pakistanda qiyamçılara qarşı əməliyyatlarını isə Rəfət ABŞ-ın regionda öz hərbi mövqeyini genişləndirmək istəyi kimi qiymətləndirib: "ABŞ tərəfindən Pakistan sərhədlərinə edilən hücumlarda başqa məqsəd güdülür və bu hücumlar təhlükəlidir".
Əfqanıstan əhalisi Pakistan torpağında qiyamçılara qarşı aparılan hərbi əməliyyatlardan sonra ölkədə sabitliyin yaranacağına ümid edir. Rəfət bildirib ki, Pakistan torpağında hərbi əməliyyatların davam etdirilməsi pakistanlıları sonunda təngə gətirəcək və Pakistan rəsmiləri məcbur qalaraq Amerikanın regionda mövcudluğu üçün "yaşıl işıq" yandıracaqlar. Rəfət hazırda Pakistanda baş verənləri Əfqanıstanda baş verənlərin təkrarı adlandırıb.
Pakistanın Vəziristandakı yerli tayfa başçıları bildiriblər ki, ABŞ qüvvələri Pakistana hücumlarını dayandırmayacaqları təqdirdə, Kabilə zərbə endirəcəklər.
Keçən həftə Əfqanıstanın Bəlx vilayətinin valisi Əta Məhəmməd Ənvər bildirmişdi ki, Qərb ölkələri narkotiklərin qanunsuz dövriyyəsini əlində cəmləşdirmiş böyük bir mafiyaya rəhbərlik edirlər. Onun sözlərinə görə, narkotik maddələrin istehsalı, satışı Əfqanıstanın ən böyük problemlərindən biridir: "Rəsmi statistikaya əsasən, Əfqanıstanda narkotiklərin qanunsuz dövriyyəsindən ildə 4 milyard dollar gəlir əldə olunur və Qərb, qiyamçıların ən böyük gəlir mənbəyini təşkil edən bu qanunsuz dövriyyəyə qarşı da sərt addımlar atmır".
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]