...

Medvedevin Azərbaycana səfəri Moskva ilə əməkdaşlığın simvoludur - Trend News-un icmalçısı

Siyasət Materials 1 İyul 2009 09:00 (UTC +04:00)
Medvedevin Azərbaycana səfəri Moskva ilə əməkdaşlığın simvoludur - Trend News-un icmalçısı

Elmira Tariverdiyeva, Trend -un Avropa redaksiyasının icmalçısı 

Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycana işgüzar səfəri nəticəsində yalnız Azərbaycan təbii qazının alqı-satqı müqaviləsi deyil, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilib.

Yenə də Rusiya Azərbaycana münaqişənin həlli ilə bağlı bütün imkanlarından istifadə edəcəyinə söz verib. "Dağlıq Qarabağ münaqişəsi yaxın bir zamanda həll oluna bilər və Rusiya bunun üçün əlindən gələni edəcək", - Bakıda mətbuat konfransında RF prezidenti bildirib.

Rusiya Prezidentinin Azərbaycana səfərinin əsas yekunu nədir?

Dünən Bakıda imzalanmış sənəd çərçivəsində Rusiyaya vəd edilmiş qazın kiçik həcmdə olmasına baxmayaraq, Bakı üçün iqtisadi, həmçinin siyasi xarakterli əhəmiyyət kəsb edir.

Qafqazda geopolitik vəziyyəti nəzərə alsaq, məsələnin kəmiyyətdə deyil, keyfiyyətdə olduğunu görərik. Müqavilənin imzalanması simvolik addımdır. Bu, Rusiyaya Qafqazda Ermənistandan başqa Azərbaycanın da güclü tərəfdaş olduğunu göstərir.

Rusiya ilə münasibətlərin gücləndirilməsi əhəmiyyətlidir. Son zamanlar Moskva Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv vasitəçilik fəaliyyətinə başlayıb.

Son ildə Rusiya danışıqların tərəfi kimi yalnız ATƏT-in Minsk qrupunun üzvü deyil, həmçinin Qafqazda maraqları olan güclü qüvvə kimi çıxış edir.

Sankt Peterburqda keçirilmiş İlham Əliyev və Serş Sarkisyan arasında son görüş il ərzində Dmitri Medvedevin iştirakı ilə keçirilmiş ikinci görüşdür. Məhz Moskvanın vasitəçiliyi ilə münaqişə tərəfləri arasında "niyyət deklarasiyası" imzalanıb. Qeyd olunan sənəd Azərbaycan və Ermənistan arasında 14 il ərzində imzalanmış ilk birgə sənəddir.

Prezidentlərin iyulun əvvəlinə planlaşdırılmış növbəti görüşü Moskvada baş tutacaq.

Ərazi münaqişəsinin həll edilməsi üzrə danışıqların aktivləşməsi fonunda Azərbaycana tarixi və coğrafi baxımdan yaxın olan Rusiyanın köməyi Azərbaycan-Ermənistan münaqişəsinin həll edilməsində mühüm rol oynaya bilər.

Regionda nüfuzunun azalmasından ehtiyat edən Rusiya, həmçinin orada növbəti münaqişənin yaranmasından ehtiyatlanır. Rusiyanın iki potensial müttəfiqinin düşmənçilik etməsi, regionda stabilliyin olmaması ilk növbədə Rusiyanın özü üçün əlverlişli deyil. Bu səbəbdən ərazi münaqişəsinin həllində bütün imkanlardan istifadə edərək ölkələri barışdırmaq Moskvanın maraq dairəsindədir.

Rusiya ilə iqtisadi əməkdaşlıq da faydalı olacaq.

İki ölkə arasında qaz müqaviləsinin bağlanması münasibətlərin inkişafında vacib məqamdır.

Rusiya ilə öz yanacağının satışı barədə müqavilə imzalayaraq, Bakı qaz satışını, həmçinin energetika tədarükünün Avropanın qaz borularından asılı olmayaraq diversifikasiyasını təmin edir.

Əgər Nabukko, TAP və Paseydon layihələri yaxın perspektivdə Qərb sərmayədarları tərəfindən uğurla həyata keçirilsə belə, "Qazprom" və Bakı arasında müqavilənin əhəmiyyəti böyükdür: uzunmüddətli müqavilələr əsasında Azərbaycan Rusiya marşrutundan asılı olmayaraq, Aİ ilə daha əlverlişli şərtlər çərçivəsində danışıqlar aparacaq.

Beləliklə, Moskva və Bakının istənilən əməkdaşlığı Azərbaycan üçün faydalıdır. Rusiya və Qafqazın ən güclü ölkəsi arasında münasibətlər hər iki tərəf üçün fayda verməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti