Azərbaycan, Bakı, 01 sentyabr / Trend , A.Axundov /
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bazar ertəsi Dəməşqdə Suriya Prezidenti Bəşər əl-Əsəd ilə görüşüb, Türkiyənin Anadolu informasiya agentliyi xəbər verir.
Görüşdə Türkiyənin xarici işlər naziri Bağdadda Maliyyə Nazirliyi və XİN binasına terror hücumlarının törədilməsindən sonra Suriya-İraq münasibətlərində yaranan gərginliyin zəifləyəcəyinə ümid etdiyini bildirib.
"Suriya və İraq bizim qonşularımızdır və bu, ailədaxili problemdir. Biz bu problemin həlli məsələsində nikbinik. Biz bu məsələnin həlli və qardaşlar arasında münasibətlərin mökkəmlənməsi üçün əlimizdən gələni edəcəyik", - Davudöğlu jurnalistlərə bildirib.
Bağdadda avqustun 19-da iki terror aktı baş verib. Nəticədə 100-ə yaxın insan həlak olub. İraq Suriyada yaşayan iki iraqlını terror aktlarının təşkilində birbaşa iştirakda günahlandırıb. İraq və Suriya öz səfirlərini geri çağırıblar.
Bazar ertəsi Türkiyənin xarici işlər naziri İraqın Baş naziri Nur əl-Maliki ilə Bağdadda görüşüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]