...

Bu il Azərbaycanda korrupsiya faktları ilə bağlı 176 şəxs barəsində 103 cinayət işinin istintaqı aparılıb

Siyasət Materials 29 Dekabr 2009 17:45 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov bu gün Baş Prokurorluqda 2009-cu ildə prokurorluq orqanları tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirib.
Bu il Azərbaycanda korrupsiya faktları ilə bağlı 176 şəxs barəsində 103 cinayət işinin istintaqı aparılıb

Azərbaycan, Bakı, 29 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Bu il Azərbaycanda korrupsiya faktları ilə bağlı 176 şəxs barəsində 103 cinayət işinin istintaqı yekunlaşaraq məhkəmələrə göndərilib.

Trend -un məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov bu gün Baş Prokurorluqda 2009-cu ildə prokurorluq orqanları tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirib.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən istintaqı aparılmış işlər rüşvət alma, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli faktlar üzrə olub.

Baş prokuror bildirib ki, digər hüquq mühafizə orqanları-Daxili İşlər Milli Təhlükəsizlik nazirlikləri ilə qarşılıqlı əlaqəli birgə fəaliyyətin nəticəsində 2009-cu ilin 11 ayı ərzində əvvəlki hesabat dövrü ilə müqayisədə respublika üzrə qeydə alınmış qəsdən sağlamlığa az ağır zərər vurma, hədə-qorxu ilə tələb etmə, quldurluq, avtonəqliyyatın qaçırılması, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı azalıb, adamların girov götürülməsi kimi cinayətlər ümumiyyətlə qeydə alınmayıb, törədilmiş 20646 cinayətin təxminən 86 faizinin açılması təmin edilib.

Baş prokuror tərəfindən prokurorluq orqanlarının fəaliyyətində işin səmərəliliyinə mənfi təsirini göstərən bir sıra çatışmazlıqların, o cümlədən, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin təşkilində müəyyən nöqsanların olduğu diqqətə çatdırılmaqla, onların aradan qaldırılması üçün konkret tapşırıqlar verilib.

Əməliyyat müşavirəsində baş prokurorun birinci müavini Rüstəm Usubovun, baş prokurorun müavini Namiq Əsgərovun, Təşkilat-analitik idarəsinin rəisi Əzizağa Həsənovun məlumatları dinlənilib və müvafiq qərarlar qəbul edilib.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramovun məlumatı əsasında yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində görülən əhəmiyyətli tədbir kimi cinayət xarakterli hadisələr barədə xüsusi məlumatların dövriyyəsini təmin edəcək "Xüsusi məlumatlar" informasiya sisteminin təqdimat mərasimi keçirilib.

Yeni sistemin fəaliyyəti üçün zəruri bazanın, təşkilati təminatların yaradılması və 2010-cu ilin yanvar ayının əvvəllərindən işə başlamasının təmin olunması üçün müvafiq tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti