...

Azərbaycanın Hərbi Prokurorluğunda ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 23 İyul 2010 19:01 (UTC +04:00)
Azərbaycanın Hərbi Prokurorluğunda ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib
Azərbaycanın Hərbi Prokurorluğunda ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: Hesabat dövründə görülən işlərin nəticələri əlavə edilib

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir T.Hacıyev/

Respublika Hərbi Prokurorluğunda cümə günü 2010-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, baş prokurorun müavini, respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərliyi ilə keçirilən kollegiyada hesabat dövründə qanunçuluğun möhkəmləndirilməsi, dövlətçilik maraqlarının, insan hüquq və azadlıqlarının müdafiəsi, cinayətkarlığa qarşı mübarizə işinin real vəziyyəti, mövcüd nöqsanlar və çatışmazlıqların yaranma səbəbləri hərtərəfli təhlil olunub.

Kollegiyada çıxış edən Vəliyev Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirildiyini, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımların atıldığını, ordunun döyüş qabiliyyətinin xeyli yüksəldiyini və şəxsi heyətin nizam-intizamının gücləndiyini qeyd edib.

O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2010-cu ilin birinci yarısında qeydə alınan hərbi xidmət əleyhinə olan cinayətlər, o cümlədən tabelik qaydası əleyhinə olan, tabelik münasibətləri olmayan hərbi qulluqçular arasında nizamnamə qaydalarını pozma, hərbi xidmətdən yayınma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə, silahla davranış qaydalarını pozma kimi cinayətlər əhəmiyyətli dərəcədə azalıb. Döyüş şəraitində xidməti yerini tərketmə cinayəti isə ümumiyyətlə qeydə alınmayıb. Azərbaycan Silahlı Qüvvələrində baş vermiş cinayətlərin 99,2 faizi, o cümlədən bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması tam təmin olunub.

Ötən dövr ərzində Hərbi Prokurorluq korrupsiya cinayətlərinə qarşı da ciddi mübarizə aparıb. Bu da əvvəlki illərlə müqayisədə cinayətkarlıqla mübarizə sahəsində daha səmərəli nəticələrin əldə edilməsinə, Silahlı Qüvvələrdə mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə və bu kimi digər cinayət hadisələrinin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaradıb. Hərbi Prokurorluq orqanları tərəfindən Silahlı Qüvvələrdə baş vermiş cinayətlər nəticəsində vurulmuş maddi ziyanın 51 faizinin istintaq zamanı ödənilməsi təmin edilib.

Hesabat dövründə Hərbi Prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib. Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına dair 86 yoxlama aparılıb ki, bunun nəticəsində də 1090 qanun pozuntusu aşkar edilib, 51 nəfərə xəbərdarlıq edilib, 37 cinayət işi başlanıb.

Kollegiyada həmçinin ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət hadisələrinin istintaqı barədə də məlumat verilib. Qeyd olunub ki, Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələri ilə tövsif edilib. İş üzrə 286 təqsirləndirilən şəxs barəsində axtarış elan olunub. Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.

Vəliyev həmçinin dövlət proqramına uyğun olaraq respublika hərbi prokurorluq orqanlarının strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Respublika Hərbi Prokurorluğunda Kadrlar şöbəsi, Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin tərkibində Xüsusi İstintaq və Maddi-Texniki Təminat şöbələrinin yaradıldığını, bilavasitə ölkə başçısının müvafiq sərəncamı ilə Zaqatala Hərbi Prokurorluğunun yaradılaraq fəaliyyətə başladığını, Qazax Hərbi Prokurorluğu üçün isə yeni inzibati binanın istifadəyə verildiyini xüsusi olaraq vurğulayıb.

Xəbər lenti

Xəbər lenti