...

Azərbaycan və Ukrayna prezidentləri energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsinin tərəfdarıdırlar

Siyasət Materials 28 Oktyabr 2010 16:01 (UTC +04:00)
Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycan Prezidenti İlham Əliyevə Ukrayna və Azərbaycan arasında yanacaq-energetika sahəsində əməkdaşlığın inkişafına göstərdiyi diqqətə görə təşəkkürünü bildirib.
Azərbaycan və Ukrayna prezidentləri energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsinin tərəfdarıdırlar

Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycan Prezidenti İlham Əliyevə Ukrayna və Azərbaycan arasında yanacaq-energetika sahəsində əməkdaşlığın inkişafına göstərdiyi diqqətə görə təşəkkürünü bildirib. Bunu Yanukoviç bu gün Kiyevdə Ukrayna və Azərbaycan prezidentləri Şurasının ikinci iclasının açılışında deyib. Məlumatı İTAR-TASS yazır.

"İstərdim ki, Sizə çox mürəkkəb dövlətlərarası məsələlərin, ilk növbədə, yanacaq-energetika kompleksi məsələlərinin həllinə göstərdiyiniz diqqətə görə minnətdarlığımı bildirim", - Viktor Yanukoviç İlham Əliyevə müraciət edərək bildirib.

Onun sözlərinə görə, Ukrayna Azərbaycana özünün etibarlı tərəfdaşı və dostu kimi baxır. Prezident eləcə də qeyd edib ki, Azərbaycan Xəzər regionunda çox vacib mövqeyə malikdir. Yanukoviç onu da vurğulayıb ki, Ukrayna və Azərbaycan arasında, iki ölkənin xalqları arasında tarixən çox sıx münasibətlər olub və ümid etdiyini bildirib ki, İlham Əliyevin səfəri bu münasibətlərin möhkəmlənməsinə xidmət edəcək.

Öz növbəsində, Azərbaycan Prezidenti ölkəsinin Ukrayna ilə yanacaq-energetika kompleksində əməkdaşlığının dərinləşəcəyinə əminliyini ifadə edib. "Sizin qeyd etdiyiniz məsələlər bizim üçün böyük əhəmiyyət kəsb edir, yanacaq və enerji ilə bağlı məsələlər ölkələrimiz arasında həmişə dostluq və konstruktivlik ruhunda həll edilib. Hazırkı mərhələdə bu əməkdaşlığın genişləndirilməsi üçün yeni fikir və imkanlar var", - İlham Əliyev bildirib.

O, yanacaq-energetika sahəsindəki əməkdaşlığın iki ölkə arasında mal dövriyyəsinin artmasına müsbət təsirindən razı qaldığını bildirib. "Ümid edirəm ki, bugünkü görüşdə müzakirə ediləcək məsələlər ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayacaq", - Azərbaycan Prezidenti bəyan edib.

Bundan başqa, İlham Əliyev qeyd edib ki, Ukrayna və Azərbaycanın beynəlxalq arenada da bir-birinə verdikləri siyasi dəstək çox vacibdir. Prezident Qara dəniz və Xəzər hövzəsində əməkdaşlığın Ukrayna və Azərbaycanın əməkdaşlığı olmadan qeyri-mümkünlüyünü vurğulayıb.

Oktyabrın 7-də iqtisadi məsələlər üzrə Ukrayna-Azərbaycan birgə parlamentlərarası komissiyasının 8-ci iclasından sonra Ukrayna Baş nazirinin birinci müavini Andrey Klyuev jurnalistlərə məlumat verib ki, Ukrayna və Azərbaycan yaxın vaxtlarda 2011-2015-ci illər üçün starteji əməkdaşlıq planını imzalamaq niyyətindədirlər. Onun sözlərinə görə, plan hərbi-texniki və kosmik sahələri, nəqliyyat, ağır maşınqayırma, yanacaq-energetika kompleksi, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələri daxil olmaqla, digər sahələri əhatə edəcək. Bundan başqa, Ukrayna və Azərbaycan yaxın vaxtlarda Xəzər neftinin Ukraynaya tədarükünün həcminin artırılması barədə razılığa gəlmək niyətindədirlər.

İlham Əliyev Kiyevə səfərindən əvvəl Ukrayna KİV-lərinə müsahibəsində Azərbaycanın Ukrayna ilə maye qazın tədarükü sahəsində əməkdaşlıq etməyə hazır olduğunu deyib. O, əminliyini bildirib ki, tədarüklə bağlı müqavilələr imzalanarsa, Azərbaycan qısa müddət ərzində qaz hasilatını ildə 40-50 milyard kubmetrədək artıracaq.

Ukrayna Rusiyadan qaz idxalını azaltmaq üçün Qara dəniz sahilində maye qaz terminalı tikmək niyyətindədir və Azərbaycan bu layihədə iştiraka dəvət edilib.

Xəbər lenti

Xəbər lenti