...

"Rusiya-Azərbaycan dialoqu-2012" forumunda Yekun Bəyannamə qəbul edilib

Siyasət Materials 28 İyun 2012 17:39 (UTC +04:00)
"Rusiya-Azərbaycan dialoqu-2012" III Rusiya-Azərbaycan regionlararası forumu iştirakçılarının Yekun Bəyannaməsi qəbul olunub.
"Rusiya-Azərbaycan dialoqu-2012" forumunda Yekun Bəyannamə qəbul edilib

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir M.Əliyev/

"Rusiya-Azərbaycan dialoqu-2012" III Rusiya-Azərbaycan regionlararası forumu iştirakçılarının Yekun Bəyannaməsi qəbul olunub.

Trend-in məlumatına görə, forum iştirakçıları Azərbaycan ilə Rusiya subyektləri arasında əlaqələrin səmərəliliyinin artırılması yolu ilə Rusiya-Azərbaycan dialoqunun inkişafına töhfə verməyə hazır olduqlarını təsdiq edərək, bir sıra istiqamətlərdə əməkdaşlığı inkişaf etdirməyi diqqətəlayiq hesab edirlər. Bu istiqamətlər qarşılıqlı faydalı ticarətin inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılmasını, əmək miqrasiyası sahəsində ikitərəfli müqavilə bazasının təkmilləşdirilməsi, istehsal kooperasiyasının inkişafı, yanacaq-energetika, sənaye, aqrar sənaye kompleksləri və nəqliyat sferalarında sahələrarası dialoqun intensivləşdirilməsi, hər iki ölkənin ərazisində yerləşən təsərrüfat subyektləri üçün rəqabət şəraitinin formalaşdırılması, maliyyə sektorunda əməkdaşlığı əhatə edir.

Sənəddə Azərbaycanda Rusiya diasporunun və müvafiq olaraq Rusiyanın subyektlərində Azərbaycan diasporunun qorunub saxlanması, xalqların yaxınlaşmasında hər iki icmanın xüsusi rolu nəzərə alınmaqla onların etnik, dil, mədəni və dini özünəməxsusluğunun inkişaf etdirilməsi üçün əlverişli şəraitin təmin edilməsi öz əksini tapıb. Forum iştirakçıları regionlararası əlaqələrin bütövlükdə Azərbaycan-Rusiya münasibətlərinin əlavə keyfiyyət qazandıran ikitərəfli əməkdaşlığın mühüm amilinə çevrildiyini qeyd edirlər. Bunun qonşuluq əlaqələrinin möhkəmlənməsinin vacib elementinə çevrildiyini təsdiq edirlər.

Tədbir iştirakçıları, eyni zamanda, iki ölkə arasında uzunmüddətli iqtisadi əməkaşlıq proqramının tezliklə imzalanmasının vacibliyini bildirirlər. Forum iştirakçıları əmindirlər ki, regional əməkdaşlıq məsələlərinin mövcud müzakirə formatı iki ölkə regionlarının qarşılıqlı əlaqələrinin dərinləşməsinə və dostluq münasibətlərinin hərtərəfli möhkəmlənməsinə şərait yaradan səmərəli mexanizm olaraq, öz potensialını getdikcə daha çox üzə çıxaracaq.

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə bildirib ki, üç ildir ki, ara vermədən Rusiya ilə Azərbaycan arasında regional məsələlər müxtəlif aspektlərdən müzakirə edilir.

"Burada müxtəlif sahələrin nümayəndələri - KİV, QHT və ayrı-ayrı ekspertlər iştirak edirlər. Gənclər arasında əlaqələrin genişləndirilməsi də müzakirə olunur. Gələcəkdə bu forumun statusunu qaldıraraq dövlətlərarası status vermək də məqsədəuyğun olardı. Azərbaycan tərəfi bugünkü forumun nəticələrindən çox razıdır, məhsuldar keçdiyini hesab edir. Biz tərəfdən nəticələr nəzərdən keçirilib ümumiləşdiriləcək. Azərbaycan dövləti, xalqı Rusiya ilə strateji tərəfdaşlığı davam etdirmək əzmindədir", - Həsənov deyib.

Xəbər lenti

Xəbər lenti