...

Elmar Məmmədyarov bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

Siyasət Materials 15 Oktyabr 2012 16:39 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşüb.
Elmar Məmmədyarov bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşüb.

Trend Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Məmmədyarov qonağı Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirib. Nazir Azərbaycan-İran ikitərəfli əlaqələrinin inkişaf etdiyini qeyd edib.

İranın xarici işlər naziri Əli Əkbər Salehi, öz növbəsində, Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirakından məmnunluğunu bildirib. O, Azərbaycan və İran arasında münasibətlərin genişləndirilməsi üçün potensialın olduğunu vurğulayıb.

Görüş zamanı nazirlər ikitərəfli münasibətlərin müxtəlif aspektləri və regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Bundan əlavə, Elmar Məmmədyarov Pakistanın xarici işlər naziri xanım Hina Rabbani Xar ilə görüşüb. Nazir qonağı salamlayıb və Azərbaycan və Pakistan arasında münasibətlərin dinamik inkişaf etdiyini qeyd edib.

Pakistanın xarici işlər naziri xanım Hina Rabbani Xar ölkəmizə səfərindən məmnun olduğunu bildirib və Bakı şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısının yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.

Ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayan xanım Hina Rabbani Xar Azərbaycan və Pakistan arasında həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində yüksək əməkdaşlığın olduğunu məmnunluq hissi ilə qeyd edib.

Hər iki nazir ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və bu baxımdan iş adamlarının fəaliyyəti üçün yaradılmış şəraitin daha da təkmilləşdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Bu gün, həmçinin, Elmar Məmmədyarov Əfqanıstanın xarici işlər naziri Zalmay Rəsul ilə görüşüb. Nazir qonağı salamlayıb və Azərbaycan və Əfqanıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib.

O, Azərbaycanın bundan sonra da Əfqanıstanda sülh və sabitliyin möhkəmləndirilməsinə öz töhfəsini verəcəyini vurğulayıb.

Əfqanıstanın xarici işlər naziri Zalmay Rəsul Azərbaycana səfərindən məmnun olduğunu və ölkəmizdə müşahidə olunan inkişafın onda yüksək təəssürat doğurduğunu diqqətə çatdırıb.

O, Əfqanıstan hökumətinin bu yaxınlarda Bakıda öz səfirliyini açmaqla bağlı qərarı haqqında məlumat verib və bunun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyini vurğulayıb.

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri və Bakıda keçirilən İqtsadi Əməkdaşlıq Təşklatının Nazirlər Şurasının iclasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb. Nazir qonağı salamlayıb və ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsində olan münasibətlərdən məmnunluq ifadə edib.

Əhməd Davudoğlu Azərbaycana səfərindən məmnunluq bildirib və iki dost və qardaş ölkə arasında yüksək səviyyəli münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Görüş zamanı nazirlər Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatınn Nazirlər Şurasının iclasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti